Marketinqdə ''çaynikbaş'' metodu

Marketinqdə ''çaynikbaş'' metodu
616

Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir sevinsin, ya kədərlənsin. Bilmir sevinsin ona görə ki, o tiplərə 4×4-lük ad verib, kədərlənsin ona görə ki, bu heç də yaxşı yol, istiqamət deyil.

Məsələ bu deyil. Bu dəfə mən daha fərqli qeyri-rəsmi bir metoddan bəhs edəcəm. Şərti olaraq bu metoda “çaynikbaş” adı verirəm. Aşağıda isə niyə bu ad verdiyimi izah etməyə, əsaslandırmağa çalışacam. Öncəki metodda olduğu kimi, bu metodun da hədəf qrupu sərt tənqid edilir, amma təhqir edilmir. Bəri başdan xəbərdarlıq edim ki, yazılanlar yazanın qərəzinə deyil, obyektivlik istəyinə əsaslanır. Axırıncı cümlədə fəlsəfi nəsə qatmaq istədim, amma alınmadı deyəsən Eybi yox, siz ardını oxuyun, görün nə ölməli dünyada yaşayırıq.

Mənim yaşıdlarım və bir öncəki nəsil yaxşı xatırlayar. Atalarımızdan, müəllimlərimizdən, sovetin dağılan vaxtlarını görən adamlardan müstəqiliyyimiz haqqında danışanda ən çox bu söhbəti eşidərdik – “Bu ölkə çayxanalarda qurulub” Fikri də belə əsaslandırırdılar ki, bəs o vaxt sovet azad sözü deyən adamları təqib edirdi, ona görə də insanlar 3-3, 4-4 çayxanalara yığışar, orada prosesləri müzakirə, hətta idarə edərdilər. Onlara qulaq asanda bir an təsəvvür edirdin ki, ölkə o dövrdə sən demə bütövlükdə böyük bir “çayxana” olub. Bu məntiqdə həqiqət payının nə dərəcədə olduğunu deməyə yaşım və təcrübəm çatmasa da, çayxana dalğasının müstəqillikdən çox sonra da yaşadığını deyə bilərəm.

Bəs nədir çayxana dalğası? Məsələn, gedirsən hansısa rayona. Yolda restoranların birində oturursan, təksənsə ətrafa nəzər yetirməlisən təbii ki. Baxırsan ki, ətrafda siyasətə yumşaq desək aidiyyatı olmayan iki nəfər Putinlə Obamanın gizli hansısa məsələdə razılığa gəldiyini sakit səslə o biri yoldaşına danışır. Baxırsan bu biri masada 2 arvad manatın devalvasiyasına elə şərh verir ki, məncə mərkəzi bank kuratorları üçün o çıxış yolları seçim olmasa da, variantların arasına salına bilər. Başa düşə bilmirsən ki, bu istək, bu həvəs və dediklərinə bu inam hardandı axı bu camaatda. Çox keçmir çatırsan mənzil başına. Hər rayonun bir “mərkəzi çayxanası” olur. Burada mərkəzdən çox uzaqlaşa bilməyənlər olur, oturur. Bu çayxanaları o biri çayxanalardan fərqləndirən xüsusiyyətlərdən biri məsələn budur. Orada danışan adamlar hərdən yüksək səslə kiməsə tərif yağdırıb, razılığını bildirir, arada “Allah balasını saxlasın” zad da öz yerində. Onlar elə bilirlər ki, kimsə onlara qulaq asır. Bir də “ara çayxanalar” olur ki, burada əsasən narazı təbəqə yığışır. Amma narazı da nə narazı. Onlar istənilən nazirin kabinetində kimin qulağına kimin hansı sözü dediyini və bunu da neçə nəfərin bildiyini çox yaxşı bilir. Bir az dərinə getmək lazım olanda Ərdoğanın siyasətini təhlil edir, İŞİD-in kimlərin işi olmasını, Qarabağın qayıdacağı günə qədər dəqiqliyə gedə bilir. Bu arada onu da deyim ki, burada təsadüfən rayon çayxanaları misalı çəkirəm, elə paytaxtımızın çayxanaları buralardan heç də geri qalmır.

Əlqərəz, demək istədiyim əslində bu işin məntiqidir. Məntiq də ondadır ki, çoxunun bekarçılıqdan yığışdığı bu çayxanalarda nə desən müzakirə edilir, hətta onlar həmin an insaf namin desək çox da optimal həll yollarını sadalayırlar. Di gəl ki, o həll yollarının ömrü stola axırıncı çaynik gəlib bitənə qədər olur. Bir dəfə ümumi görüşlərin birində hamınızın yaxşı tanıdığı Aysel Cəbrayılova nənəsindən eşitdiyi “gülü başında getdi” deyimini xatırlatmışdı. İndi onun sözü olmasın bu tip dünyəvi müzakirələrin də çayxanadaca “gülü başında gedir”

Nə maraqlı adətləri vardı çayxananın. Məsələnin, çaynikin lüləyinin kimə tərəf qoyurdunsa, guya onu təhqir edirdin. Və ya çay süzəndə kimin stəkanına axıra qədər süzülməsə o adam durub inciyib gedə bilərdi. Bayaqdan qardaşlıqdan dəm vuran, yığışaq birləşək mübarizə aparaq deyən 2 dost çaynik lüləyinə görə bir-birini qıra da bilərdi. Maraqlıdır ki, bu adamlar ya bilərəkdən, ya bilməyərəkdən kənarda boş mənasız söhbətlərə “ala, bu nə çaynik söhbətidir” deyirdilər. Çaynik – boş söhbət mənasına gəlirdi yəni.

P.S. Keçin günahımdan, heç cür qısa yazmaq məndə alınmır. Zorla gözəllik olmaz, Anar Bayramov demiş bu məndə #alınmır Ona görə də girişim bu qədər uzun alındı.

Qeyd edim ki, çayxananın daimi sakinlərinə diqqətlə diqqət etsəniz görərsiniz ki, onlar bu bəladan paylarını alıblar. Yəni çayxanada çox oturmaqdan və belə dünyəvi məsələləri müzakirə etməkdən baş da bu dərdə dözməyib “çaynik” formasını alıb. Ona görə də mən bu məntiqin adını obrazlı ifadə ilə “çaynikbaş metodu” qoydum.

Giriş bitdi, keçirəm mətləbə…

Belə uzun girişə görə üzr istəyib keçirəm indi bizim cəmiyyətə, yəni marketinq cəmiyyətinə. Deyirlər ki, dünyada pis həkim, yaxşı həkim yoxdur, pis insan, yaxşı insan var. Yaxşı insan həm də yaxşı həkim, yaxşı sürücü, yaxşı müəllimdir. Yəni savad ədalətə və obyektivliyə dəlalət eləmir. O alayı şeydi. Çayxana məntiqi insanlarda bir xarakter kimi formalaşırsa, insan o söhbətlərin əhatəsində böyüyürsə, o gələcəkdə marketer olanda da bu məntiqin təsirində olur. Hətta bəzən o məntiqin “bayraqtutanı”na da çevrilir. Bu gün ətrafımızda bu tip marketerlərə az rast gəldiyimi zi söyləmək doğru olmazdı. Qısaca “çaynikbaş metodu” tətbiq edən marketerlər aşağıdakı 3 xüsusiyyətlərinə görə ətraflarından seçilir:

  • Özü bir şey eləmir, amma yaxşı və ya pis nəsə edənə “zəhərini tökür”.

Bu ərəfələr bilirsiniz ki, marketerlər arasında aktivlik çox artıb. Baxmayaraq ki, yayın və iqtisadiyyatın ən durğun vaxtlarını yaşayırıq, sevindiricidir ki, marketerlər durmadan nəsə etməyə, faydalı olmağa çalışırlar. Kimi kitab yazır, kimi bloq yazır, kimi faydalı müzakirə açır, kimi bildiyi, son oxuduğu maraqlı məlumatı paylaşır. Amma mütləq bir nəfər də çıxır ki, təxmini belə şərhlər edirlər. ” etdikləri bir şey deyil, yekə-yekə yazır”, “xaricdə bunu 100 il qabaq ediblər”, “bu mənə filan şeyi xatırlatdı, kopyadır deyəsən”, “sən get filankəsi oxu, sonra filan şeydən yaz”, “karyerası bir şey deyil, amma kitab yazır” və s. Bax belə adamlar ancaq danışır, dərininə gedib sual versən, söhbəti fırlada-fırlada “mənim vaxtımda filan şeyi etmək istəyirdim imkan olmadı, yoxsa edəcəkdim” tipli cavablar olacaq. Guya buna istinad nöqtəsi versələrdi, dünyanı qaldıracaqdı.

  • Başqasının uğurunu həzm edə bilmirlər

Bu günlərdə dostumuz İlkin Manafovun “360 dərəcə brendinq” kitabı çıxdı. Yaxın vaxtda isə Anar Bayramovun “Biznes nə istəyir?” adlı kitabı çıxacaq. Ondan əvvəl də bir kitabı çıxmışdı. Əlavə olaraq da indi xatırladıqlarımdan Seymur Quliyevin, Rəhman Əhmədovun kitabları var. Kimisə unutdumsa, üzr istəyirəm, deyin əlavə edim. Nəyi pisdir ki? Mütləq yazmaq üçün qocalıb əsayla gəzməlisən ki, sənə inansınlar, ya hansısa universitetdə “Marksın idealogiyasının elmi-nəzəri əsasları”nı müdafiə edib professor olmalısan?:) Dünəndən çox yazılıb, gələcəyi isə bilmək olmaz. Bu gündən isə yazan yoxdur. Bu yazarlar, bunlarla bərabər bu gün onlarla bloq yazarları axı bu gündən yazır. Çaynikbaş marketerlər isə ya dünəni söyür, ya da gələcəklə əlləşirlər. Bu gün isə sanki yoxdur, heç olmayıb da. Sən yazmırsansa, çox normaldır, hamı yazası deyil ki. Amma yazanı da qaralamaq düz deyil. Bu dostlarımız o yazılarına görə heç kimdən pul almır, hansısa “xarici qara qüvvəyə” işləmir, sadəcə onca əyləncənin mövcud olduğu zamanda özündən başqasına faydalı olmağa çalışır. Bu haqda “Biz niyə yazmalıyıq?” adlı yazıda fikirlərimi bölüşmüşdüm. Tənqidlə “həzm edə bilməmək” arasındakı cizgi elə də incə deyil, ona görə də çox tez hiss olunur ki, Siz tənqid edirsiniz, yoxsa həzm edə bilmirsiniz.

  • Çox fürsətcildirlər

Belələri daim “güclü” hesab etdikləri adamların yanında olmağa çalışır, onlar nə etdisə “əladır, halaldır, gözümüz, könlümüz dincəldi” tipli mesajlar verirlər. Onların düşmənləri avtomatik olaraq bu adamın da düşməninə çevrilir. Bir məqam gözləyir ki, kimsə nəsə yazsın, o saat girib nəyisə sübut etməyə çalışır. Həmişə də onlara yarınmaq istəyirlər. Obyektivliklərini itirdikcə də ətrafda hiss edilir və gözdən düşməyə başlayırlar. Bu gün sən filan faydanı verə bilərsənsə, sənin dostun, sabah verə bilməsən, tənqidçin olacaq, yaxşı halda isə heç yoxmuşsan kimi davranacaqlar. Bu insanlar marketerdən daha çox siyasətçidirlər. Hər sözünüzdən fərqli məna çıxara, hər hərəkətinizdən özünə nəsə pay götürməyə çalışarlar. Arada yalandan marketinqin inkişafı üçün çalışdığını vurğulayır, amma hərəkətləri tam əksini göstərə bilir.

Təklif kimi nəticə:

Həyat çox qısadır. Eynşteyn deyirdi ki, “problemlər onları yaradanların məntiqi həll edilə bilməz”. Əmin olun ki, çaynikbaş məntiqi ilə heç bir problemi həll etmək olmaz. Az olan vaxtınızı, ömrünüzü başqalarının ömrünün, gördüklərinin, etdiklərinin içinə keçirməyin. Ətrafımızda xeyli sayda yalan danışa bilməyib, amma düzünü də deyə bilməyən adamlar var. Bu cür də yaşamaq çətindir. İnsan etdiklərinə görə yox, etmədiklərinə görə daha çox peşman olur. Bir dəfə facebookda status da yazmışdım ki, həyatın qısalığının verdiyi kədər, o kədərdən doğan yaşamaq hissi heç bir alçaqlığa haqq qazandıra bilməz. Çalışmaq lazımdır ki, gələcəkdə özündən faydalı nəsə iz qalsın. Detallarla yaşayan insan elə o detalların içindəcə boğulub qalacaq. Bu dünyada milyardlarla adamdan sadəcə biri kimi “gəldi, yaşadı, öldü” damğası ilə dünyadan köçmək necə də əzablıdır. Yazımda kimlərinsə xətrinə dəyə bilərəm, kimlərsə düşünə bilər ki, sözü onlara atıram, amma əmin olun ki, heç kimi aşağılamaq, pisləmək, ifşa etmək niyyətim yoxdur, yeganə istəyim yalnız və yalnız biz olmayanda bizi xatırladacaq əməllərə sahib olmaq, vətəninə, millətinə, peşəsinə faydalı insan ola bilməkdir.

Əgər bir sözünüzlə motivə edə biləcəyiniz adam varsa, nəyi gözləyirsiniz? Niyə etmirsiniz? Sizin o bir söz ola bilər, amma qarşınızdakının həyatını da dəyişə biləcəyini heç düşündünüzmü? Mən düşünürəm… daha necə faydalı ola bilərik???? Mən bu prosesin yaxşı sonluqla nəticələyinə ümid edirəm, #görürəm, bəs siz necə? #Görürsünüz?

P.P.S. Yazıdakı fikirlər müəllifin təxəyyülünün məhsuludur. Nə qədər söysəniz, döşəsəniz də müəllifin vecinə deyil. Yazının müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur.

Müəllif: Rafiq Vəliyev

Mənbə: http://marketermeherrem.com