Kreativ agentlik və onun əsas mahiyyəti

Kreativ reklam agentliyi bir məhsulun bazara çıxarılması mərhələsində, eləcə də, bu məhsulun həyat dövranının sonrakı bütün mərhələlərində ən önəmli həlqələrdən biridir.

Belə ki, məhsula adın verilməsi, sloqanın yaradılmasından tutmuş, onun vizual tamlığına, kreativ kommunikasiyasına qədər olan bir yol xəritəsi vardır. Məhz bu kreativ agentliyin yaradıcı zəkasının məhsulu olaraq ortaya çıxır.

Bəs kreativ agentliyin təməl sütunu olan kreativlik özü nədir və bunu necə bacarmaq olar?

Kreativlik yeni və yaradıcı ideyaları reallığa çevirmək və ya yeni və yaradıcı ideyaların elə özüdür.Kreativ yanaşma dünyanı yenidən dərk etmək, onun görünməyən tərəflərini ortaya çıxarmaqdır. Məlum olana fərqli baxışla yanaşmaqdır. Yaradıcılıq, ehtiras və məsuliyyətin vəhdətidir. Reklamda kreativlik hamının arzuladığı, lakin heç də hamının nail ola bilmədiyi bir səviyyədir.

Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır:

  • İnanmalısınız ki, Siz dünyanı dəyişdirə bilərsiniz;
  • Fikirlərinizi komanda üzvləri ilə bölüşməlisiniz;
  • Verəcəyiniz mesaj qısa, lakonik olmalıdır;
  • Əsas məqam istehlakçının beynində tutacağınız yerdir. İstehlakçı məhsulu müsbət xüsusiyyətləri ilə beyninə həkk etməlidir. Burda açar rolunu kreativ agentlik kimi məhz sizin nə deyəcəyiniz, nə göstərəcyiniz oynayır;
  • İstehlakçıya yalan vədlər verməyin! Məhsulu üstün cəhətləri ilə təqdim edin. Verilən mesaj necə deyəcəyinizdən daha çox önəm daşıyır;
  • Əsas məqam mesajı istehlakçıya maraqlı şəkildə çatdırmaqdır;
  • Müştəri üçün hansı işin yaxşı olacağını Siz müəyyən etdiyinizdən işləyəcəyiniz müştəriyə çox gözəl bələd olmalısınız;
  • Unutmayın! Radikal fikir heç də hər zaman pis fikir deyil;
  • İşi görmək üçün müxtəlif yollara müraciət etməli, alternativlər tapmalısınız;
  • Komanda ilə birlikdə çox kreativ ideyalar ərsəyə gətirə bilərsiniz. Buna birlikdə inanmalısınız;
  • Arada uydurmalara da yer ayıra bilərsiniz. Lakin bu məntiqi və əsası olan fəlsəfə olmalıdır;
  • Yaradıcı olmaq üçün sən adi əşyaya və ya hadisəyə müxtəlif bucaqlardan baxmağı bacarmalısan. Məsələn, yarıyacan dolu olan stəkanı tam dolu olaraq təsəvvür edə bilərsən;
  • Hər zaman alternativ çıxış yolun olmalıdır.

Yaradıcı şəxsiyyətin xüsusiyyətləri:

  • Kreativ insanların böyük enerji potensialı var, lakin onların da tez-tez sakitliyə və istirahətə ehtiyacı olur;
  • Kreativ insanlar eyni zamanda ağıllı, stereotipləri qırmış insanlardır;
  • Yaradıcı insanlar sərbəst, müstəqil və azad fikirli olur. Lakin bu o demək deyil ki, onlar məsuliyyətsiz olmalıdırlar;
  • Təxəyyül və fantaziya bacarıqları çox güclü olur;
  • Ümumiyyətlə, yaradıcı insanların üsyankar və müstəqil olduğu düşünülür. Onlar eyni anda çox müasir düşüncəli və konservativ də ola bilərlər;
  • Ən yaradıcı şəxslər, öz işləri haqqında çox ehtiraslı danışa, həmçinin bu barədə çox obyektiv ola bilərlər.

Kreativ agentlik ilk növbədə vizual və verbal kommunikasiyanın yaradıcısı olur. Amma əksər hallarda tam tsikl agentliyi olaraq kreativ kommunikasiyanın yaradılması və icrasına nəzarət edir. Ona görə də kreativ agentlik bəzi fəaliyyətlərini outsource edir. Amma ümumi olaraq aşağıdakı fəaliyyətləri tam nəzarətdə saxlamalıdır:

Kommunikasiyanın reallaşdırılması

  • Kommunikasiya planının hazırlanması
  • Kommunikasiya konseptinin yaradılması və inkişafı
  • Reklam kampaniyalarının icrası və ona nəzarət
  • İnteqrasiyalı kommunikasiya

Prodakşn

  • Çap xidmətləri
  • Audio-Video istehsal
  • Veb xidmətləri
  • OHH və POS reklam istehsalı
  • Sərgi və satış stendlərinin istehsalı

Media

  • Media araşdırma
  • Media planlaşdırma
  • Media satınalma və yerləşdirmə
  • Media monitorinq

Tədbirlərin təşkili (BTL)

  • Tədbir konseptinin yaradılması
  • Tədbirin planlaşdırılması və tədbirə hazırlıq
  • Tədbirin reallaşdırılması

Bütün bunlardan əlavə bəzi reklam agentlikləri özündə güclü araşdırma və strategiya bölməsi də yarada bilər. Və bununlada aşağıdakı xidmətləri də göstərə bilirlər:

Kommunikasiya strategiyası

  • Araşdırma
  • Pozişininq və ya repozişininq
  • Strateji planlaşdırma
  • Brendin bazarda möhkəmləndirilməsi

Konsaltinq

  • Bazar araşdırması (müxtəlif istiqamətlərdə)
  • Trend analizi
  • Biznes təkliflərin hazırlanması

Bu sahələr üzrə böyük təcrübəyə malik kreativ reklam agentlikləri işlərinin öhdəsindən çox ustalıqla gələ bilirlər.

Əsas odur ki, doğru yerdə, doğru zamanda doğru seçilmiş kreativ agentlik ilə partnyorluq edilsin!

Belə olduqda, layihələr uğuru olur. Və uzunmüddətli kreativ agentlik ilə tərəfdaşlıq reallaşır. Nəticədə düzgün və davamlı konseptual yanaşma ilə məhsul ilə istehlakçı arasında doğru ünsiyyət qurulmuş olur. Necə deyərlər istehlakçının beyninə və qəlbinə gedən yol düzgün seçilmiş kreativ agentlik ilə mümkündür.

Müəllif: Aynur Mirzəliyeva

Mənbə: http://yelload.com/archives/category/blog/