Beynəlxalq Kosmik Stansiyada (İSS) çalışan astronavtlar tarixdə ilk dəfə olaraq yerin cazibə qüvvəsinin olmadığı bir mühitdə bir bitkinin çiçək açmasına nail olublar.Amerikalı astronavt Skot Kelli 13 ləçəyə malik olan narıncı sinniya çiçəyinin (zinnia elegans) fotosunu paylaşaraq “kosmosda yetişdirilmiş ilk çiçək qarşınızda!” deyə yazıb.
NASA daha əvvəl bununla bağlı verdiyi açıqlamada sinniya toxumlarının çiçəyin gözəlliyi ilə əlaqədar yox, sahib olduğu xüsusiyyətlərə görə Beynəlxalq Kosmik Stansiyaya aparıldığını bildirib: “Bu çiçək sayəsində astronavtlar yerin cazibə qüvvəsinin olmadığı bir mühitdə bitkilərin necə böyüyüb çiçək açdığını müşahidə edə biləcək”.
Qeyd edək ki, bundan öncə kosmosda buğda və kahı yetişdirilmişdi. Ancaq alimlər sinniya bitkisinin çiçək açmasının daha böyük uğur olduğunu bildirir. “Sinniya bitkisi kahıdan çox fərqlidir. Bu bitki ətraf mühitə daha həssasdır və böyüməsi üçün daha uzun müddət – 60 və ya 80 gün lazımdır. Bu səbəblə böyüməsi çox çətindir. Bu çiçəyin açmasını təmin etmək bir gün kosmosda pomidor yetişdirmək yolunda önəmli addımdır”, - deyə Kosmik Stansiyanın proqram rəhbəri Trent Smit söyləyib.
Mənbə: http://ikt.lent.az/