Kobra effekti

Kobra effekti
4211

Kobra effekti - Mövcud problemə verilmiş həll yolu ilə problemi yüngülləşdirmək və ya həll etmək əvəzinə situasiyanı daha da qəlizləşdirmək və ya ümumi durumu daha da pisləşdirməkdir. Bu daha çox nəticəyə təsir edəcək bütün amillərin düzgün hesablanmaması və ya nəzarət olunmayan, fikirdən yayınmış digər aspektlərin diqqətə alınmaması zamanı baş verir. Həm də bir çox hallarda biz sadəcə düşdüyümüz çətin durumdan çıxmaq üçün həmin duruma görə həll yolu axtarırıq(event-based solution), məsələnin sonrası necə olacaq və hansı başqa təsirlər ola biləcəyini düşünmürük. Bəs niyə görə məhz kobra? Kobra hara, problem hara, qaş düzəltmək əvəzinə göz çıxartmaq hara. Əminəm ki, sizdə də belə bir fikir yarandı. Elə isə məsələni bir az da açıqlayaq.

Kobra effekti anlayışı ilk dəfə Britaniyanın Hindistanı müstəmləkə altında saxladığı illər dövründə(koloniyalar dövrü) yaranmışdır. Belə ki, Britaniya hökuməti Hindistan ərazilərini işğal edərkən bu ərazilərdə xeyli ilan və əsas da çox təhlükəli kobra növlərinə rast gəlir. Bir çox Britaniya əsgəri kobra sancmasından həyatını itirir. Problem artıq xeyli ciddiləşir və Britaniya hokuməti çıxış yolları düşünməyə başlayır. Hökumət qərara gəlir ki, hər ölü kobra üçün mükafat təsis etsin və hər ölü kobra gətirən hindistanlıya bu mükafat təqdim olunsun. Və bu yolla da kobraların sayını azaltmış olsun. İlk baxışdan effektiv strategiya kimi görünən bu üsul əks effekt verir. Kobralardan yaxşı gəlir götürdüklərini görən hindistanlılar kobraları tutub özləri bəsləyib və çoxaldıb sonra onları az-az öldürərək Britaniya hökumətinə təqdim etməyə başladılar. Və beləcə Britaniya hökuməti həm maddi baxımdan xeyli zərər etmiş, həm də əsas problem olan ilanların sayını azaltmaq əvəzinə daha da artırmış oldu. Hökumət bundan xəbər tutduqda bu işlə məşğul olanları öldürdü və bir müddət sonra bu kompaniyanı tamamilə dayandırdı.

Kobra effekti həyatımızın bir çox anlarında qarşılaşdığımız bir vəziyyətdir. Ona görə də maksimum dərəcədə çalışıb bir məsələ barədə qərar verərkən və ya bir işi icra edərkən bütün amilləri dəqiq analiz etməli, əks təsirləri mütləq şəkildə nəzərə almalıyıq ki, sonda həmin o kobralar bizim özümüzü sancmasın.

Tarixdə və təcrübələrdə bu tip hadisələr çox olmuşdur.

Müəllif: İsmayıl Baxışlı

Mənbə: https://ismayilbakhishli.wordpress.com