Kaş bütün günah neftdə olardı

Kaş bütün günah neftdə olardı
634

Çox pis hissdir. İllərdir, bəlkə də aylardır biznesinin bütün xırda detallarını öyrəndiyin şirkətin biznes və marketinq kommunikasiyaları üçün çalışırsan və şirkətin ayağı büdrəyən kimi ən birinci məhz sənin pulunu kəsir. Pulu kəsmək bəlkə yumşaqdır, çox rahat əməkdaşlığın dayandığını bildirir. Bu reklam və marketinq kommunikasiyalarını təqdim edən istənilən bir şirkət üçün tək pul itkisi deyil, həm də bu brendlə bağlı ruh itkisidir. ‘Outsource’ olanda nə olar, məgər reklam şirkəti işini gördüyü brendin uğurları üçün çalışmırmı?

Namiq bəyin Reklamın optimallaşdırılması yazında baxıram ki, mənim də adım yazılıb. Müəllimin qətiyyən sözünü yerdə qoya bilmərəm. Cavabım elə bu yazı olacaq. Mən reklamçı olmadığımdan və konkret olaraq reklam şirkətində işləmədəyimdən bu məsələyə sadəcə reklam tərəfdən baxmayacağam. Daha çox hazırki vəziyyəti qiymətləndirəcəyəm və haqqında düşünülməli olan bir neçə məsələdən söz açacağam.

Nə düz başa vermir?

Hazırki vəziyyəti başa düşmək elə çətin deyil. Narxozu qurtarmadan belə başa düşmək olur ki, neft qiymətləri və digər siyasi faktorlar öz yerində, amma bizdə əsas problemlərdən biri də həmişə danışdığımız korporativ mühitin yox, məhz bazar mühitinin ölkənin ən böyük brendlərində də tuğyan etməsidir. 20 nəfər işçisi olan kiçik bir şirkətdə əgər illik fəaliyyət planı, marketinq büdcəsi, fərqli məhsullar və xidmətlər üçün marketinq planlar və çox yox, sadəcə 2-3 səhifəlik marketinq strategiyası yoxdursa neftin qiymətinin oynaması bəhanədir. Aydındır ki, hədəfsiz şirkətlərdə planlar tez-tez dəyişir.
Hələ mən İnsan Resursları ilə bağlı vəziyyəti demirəm. Bu o deməkdir ki, çox adam öz yerində deyil və əgər yaxın zamanlarda bazara biznes təfəkkürlü daha çox insan daxil olacaqsa hələ çox adam öz uğursuzluğunu neftin üstünə atacaq. Mən neft və siyasi faktorları istisna etmirəm. Amma daxildə həll edilə bilinən məsələləri həll etmək əvəzinə xarici faktorların üstünə şər atmaq soyuqqanlı uğursuzluğu qucaqlayıb kondisionerli otaqda yuxuya getmək kimi bir şeydir.

Biznes biliyi vs. duyumu

Məsələ odur ki, biznes biliyi də heç də hər şeyi həll etmir. Narxozu qurtaran hamıya iqtisadçı deyillər. Orta və yuxarı yaşlı insanlar da inanır ki, biz, bütün Narxoz məzunları çox istedadlı iqtisadçılarıq. Nəticə göz qabağındadır Eynilə, xaricdə oxuyub gəlmək və ya bütün günü jurnallar oxumaq, bizim kimi bloq yazmaq zaman göstərir ki, biznes duyumu olmadan elə də faydalı deyil. Bütün bu bilikləri almaqdan məhrum olan çoxsaylı milyoner insanlar var. Ən azından hesabı gözəl bilirlər.
Düzdür azad rəqabət mühitində bu insanlara milyonları artırmaq çətin olur. Biz vacib olan biznes və idarəetmə biliklərini istisna etmirik, amma rəqiblərin üstün və zəif tərəflərini başa düşüb təhlil etmək, ona əks tədbirlər hazırlayıb düzgün tətbiq etmək, müştərilərin ehtiyaclarını başa düşüb onlara uyğunlaşmaq, 1 il sonranın trendlərini öncədən görə bilmək, işin pis vaxtında belə onun hara və necə getdiyini hiss etmək istedaddır deyib boynumuzdan atmayaq. Bu cür xüsusiyyətlərə malik olmaq əla biznes duyumlu olmaq deməkdir.

İndi deyin görüm bu insanlar reklamı neynirlər?

Bir tərəfdən deyirik ki, biznes bilikləri üzərində formalaşan biznes təfəkkürü lazımdır, digər tərəfdən deyirik ki, bundan əlavə biznes duyumu da vacibdir. Sözümüzdən elə çıxır ki, bizdə bunlar elə çox yayılmayıb. Bəs yaxşı bu tip insanlar indiki böhran vəziyyətində reklamı neynirlər? Qəpiyi manatın üstünə qoyub özlərinin sabit xərclərini ödəyirlər də. Amma indi növbə çatır reklam şirkətlərinə ki, onlar artıq reklam və kommunikasiyanın vacibliyini, hətta böhran dövrlərində xilasedici rolunu bizneslərə çatdırsın. Biznes mühitini maarifləndirməkdən çəkinmək lazım deyil. Təbii, başa ağıl qoymaq kimi deyil, sadəcə düşündürməklə. Milli Marketinq Forumu kimi bizə hələ daha bir neçə platforma lazımdır ki, ayağı büdrəyən yüzlərlə sahibkar gəlib buradan fayda əldə etsin. Bu əslində əsas çıxış yollarından biridir.

Bundan əlavə reklam şirkətlər gərək özləri öz işlərini optimallaşdırsınlar. Bəzi şirkətlərin etdiyi kimi dizayn və çap lazımdırsa xaricdə edilsin, böyük təntənli ofislər deyil, daha mobil ofislərə sahib olsunlar. Həmçinin gərək ‘otkat’ mədəniyyətinin mədəniyyətsizlik olduğu da sifarişçilərə çatdırılsın. Sirr deyil ki, şirkətlərin bəzən orta menecerləri onun xərclərinin 5-10 %-ni ‘otkat’ ilə ciblərinə qoyurlar. Ən vacibi gərək hər iki tərəf başa düşsün ki, əməkdaşlığı birdən kəsib atmaq düzgün deyil. Ola bilər ki, köhnə reklam materiallarına güvənib 1-2 nəfəri də şirkəti götürüb ‘mən özüm dizaynımı filan edəcəyəm’ demək olar. Reklam şirkəti də sonunda bir biznesdir və biznes təfəkkürünü işə salıb müştəri üçün daha optimal həllər təklif etməlidir və qiymətdə yumşaq olmalıdır. İnanıram ki, peşəkar reklam şirkətlərimiz bu prinsipləri tətbiq etməklə özləri və müştərilərini də büdrəmətə qoymurlar.

Sabah olmayacaq

Sabah olacaq, sadəcə sabah bəzi bizneslər, brendlər olmayacaq. Güclü brendlər daha da güclənəcək və gələcəkdə böyük olmaq arzusu ilə yeni brendlər ortaya çıxacaq. Hansısa sahibkarın işinə qarışmaq ki, reklam verməsən biznesin öləcək inanmıram ki elə böyük effekt versin. Ən azından o özü gecə rahat yatmaq istəyir ki, daha az maliyyə öhdəliyi olsun. Pis olan odur ki, satışlar düşəndə isə gec olur. Sənaye sahəsindən asılı olaraq müxtəlif innovasiyaların tətbiq edilməsi mümkündür ki, birisigünə də çıxasan. Təşviş onsuzda olacaq, əsas odur ki, vəziyyət düzgün təhlil edilsin, sənayedaxili rəqiblərin vəziyyəti və üstünlük və zəif tərəfləri müəyyən edilsin, işçilərlə səmimi olunsun və lazımdırsa bir neçə ay mənfəətdən imtina edilsin. O zaman işin effektliyi üçün reklam da sifariş ediləcək, CRM proqramı da tətbiq ediləcək, işçiyə ödənişli məzuniyyət də veriləcək. Buradan da görürük ki, qara gününə pul saxlayan adamlar bizdən həmişə qabaqda olacaqlar.

Milli Marketinq Forumunda mesajlarımdan biri biznesin optimallaşdırılması ilə bağlı idi. Son 10 il ərzində baxsaq yüzlərlə şirkət açılıb və brendini tanıda bilib. Aydındır ki, buna tək keyfiyyətli məhsul və xidmətləri ilə deyil həmçinin marketinq kommunikasiyaları ilə də nail olub. Bir xeyli innovativ həllər tətbiq edilib. Sadəcə elə onlayn xidmətlər və ödənişləri götürsək rahatca görürük ki, bu sahəyə qoyulan investisiya nə qədər prosesləri mərkəzləşdirir, insan rolunu minimuma endirir və vaxta qənaət edir. İndi deyilənlərə görə hər mənada durğunluqdur, amma ən azından çoxluğun yenidən dirçəlməsi üçün gərək sabahın olacağına inanıb onun uğrunda çalışmaqdır.

Müəllif: İlham Yusifov

Mənbə: http://ilhamaliyusif.com