İstehlakçısına lağ edən Marketer

İnsanların həyatlarına müdaxilə mövzusu mənə hər zaman qəribə gəlmişdir. Əgər birisi hər hansı bir həyat və geyim tərzini, danışıq dilini seçibsə və o yöndə gedirsə, (digərlərinə zərər vermirsə) bundan kimə nə? Hər kəs dünyaya öz hüquqları ilə gəlir və bu hüquqlarını istifadə iradəsinə malikdir. Bunun daha qəribəsi, gülməlisi və ən əsası qorxulusu marketer ixtisasını və peşəsini seçmiş birisinin digərlərinı aşağılayacaq formada reaksiya verməsidir. Qəribədir ki, bazarda və həyatda baş verən müəyyən yenilik və nadir vəziyyətlərə tez reaksiya verən insanlar başqalarını, ələlxüsus da bir sıra marketerləri qıcıqlandırır.

Nümunə kimi; Starbucks-ın açılışını göstərə bilərik. İstər dostluğumda olan, istərsə də müəyyən qruplardan izlədiyim insanlar yeni açılan məkanda öz şəkillərini çəkib paylaşırlar. Ki, bunu digər beynəlxalq şirkətlərin bazarımıza girişi ərəfəsində də müşahidə etdik. Digər yandan, insanların yağış yağması və zəlzələ kimi ölkəmizdə gec-gec müşahidə edilən təbiət hadisələrinə reaksiyaları da tez-tez qınaq obyektinə çevrilir. Hətta, insanlar paylaşmamış “tənqidçilər” lağ-lağalarına başlayırlar. Paylaşım olmadıqda, olmamasından gileylənirlər.

Lağ-lağanın səbəbləri haqqında fikirləşdim, dəqiq bir nəticə üzrə qərar verə bilmədim. Fərziyəm var ki, bu lağ-lağı göstəriş və özünü üstün görmə ehtiyaclarının doydurulmasıdır. Özlərindən səbəbini soruşsam, düzgün cavab verməyəcəklər. :) Gərək neyro səviyyədə araşdırma edim.

Tövsiyəm bir marketer kimi bu tip statusların QƏRƏZSİZ və ARAŞDIRMAÇI düşüncəsi ilə peşəkar formada izlənilməsi və onların informasiya kimi istifadəsidir. Zənn eləmirəm ki, düşüb qapı-qapı həmin fikirləri almaq kiminsə ürəyindən keçsin. Hazır özləri deyir və öz həyat tərzlərini və düşüncələrini, həyata münasibətlərini səmimi formada ortaya qoyurlar. Yaxşı olar ki, lağ-lağı edib like yığmaq yerinə, həmin informasiyaların faydalı formada istifadəsinə çalışılsın. İnsanlar istehlakçıdırlar, və bu və ya digər formada biz marketerlərə müştəri kimi gələ bilərlər. Biz məlumatlı və hazır olmalıyıq ki, toydan sonra nağara, yəni məhsulun təhvilindən sonra dava-dalaş olmasın.

Müəllif: Gədir Davudov 

Mənbə: https://gadirdavudov.wordpress.com