İşsizlikdə iş axtarmaq

İşsizlikdə iş axtarmaq
1383

İş axtarmaq əslində normaldır. Hər kəs işsiz olmağa, iş axtarmağa hazır olmalıdır.Bu günün aktual mövzusu total ixtisarlar, böhranla, bazarın kiçilməsi ilə əlaqədar bir çox şirkətlərin ixtisarlara, “kiçilməyə” (downsizing) getməsidir. İşdən çıxanlar iş axtarmalı olurlar. Söhbət işsizlik vaxtı iş axtarmaqdan gedir. Vəziyyətin pis olması, növbəti aylarda daha da pisləşəcəyi haqda “ağlaşma” qurmaq fikrim yoxdur burda. İşsizlik vaxtında iş axtarmaq haqda fikirlərimi bildirmək istəyirəm.

Nədir böhran dövrünün xüsusiyyətləri?

  • Eyni vaxtda bir çox şirkətlər kiçilməyə gedirlər, nəticədə işsizlik sürətlə artır. Başqa sözlə, işçiyə tələb azalır, təklif artır. Təklif artıqlığı əmələ gəlir.
  • Təklif artıqlığı nəticəsi olaraq əmək haqqı səviyyəsi də aşağı düşür. Bu, təkcə “aşağı eşalon”da baş vermir. Orta və top menecmentdə də 2-3 il əvvəlki maaşları tapmaq müşkülə çevrilir. Fikrimcə, bizdə top menecment səviyyəsində bir çox hallarda şişirdilmiş maaşlar üstünlük təşkil edirdi.
  • Şirkətlər işi daha az işçi ilə görməli olduğu üçün işçilərin bacarıqları daha çox aktuallıq kəsb edir. Həm ixtisarlar zamanı, həm də işçi cəlbində bu amil önə çıxır.
  • İş axtaranların sayının artması nəticəsində onlar arasında rəqabət kəskinləşir. Əsl rəqabət başlayır. Bu, həm də əsl yarış deməkdir. Çünki şirkətlər daha diqqətli yanaşırlar işəgötürmə zamanı.
  • Satışın azalması, paralel olaraq (qəribə olsa da) marketinq büdcəsinin də azalması ilə birbaşa satış xüsusi populyarlıq qazanır. Şirkətlər düşünürlər ki, marketinq büdcəsinin və satışın azalmasını satış işçilərinin fədakarlığı və daha çox işləməsi nisbətən “kompensasiya” edə bilər.
  • Əksəriyyət panika şəraitində verilmiş ixtisar qərarlarının “qurbanıdır”.

Bəs nə etmək lazımdır?

Panika şəraitində verilmiş qərarla işdən çıxarılmaq elə panika ilə də iş axtarmağa əsas vermir. Planlı yanaşmaq, stressə qalib gəlmək lazım olur.Düzdür, 2-3 il əvvəlki karyera hədəfləri üzrə hərəkət etməkdə çətinlik yarana bilər, nisbətən çətin görünə bilər. Çünki situasiya ciddi şəkildə dəyişib. Deməli, yeni situasiyaya, bazarın vəziyyətinə uyğun olaraq yeni karyera planı, karyera hədəfləri müəyyən etmək lazım gəlir.

Təkcə karyera hədəflərini deyil, iş axtarmaq üsullarını da diqqət etmək lazımdır. Ağıllı iş axtarma üsulları və kanalları seçilməlidir. Pareto prinsipi burda da işləyir. Nəticənin 80%-i üsulların (səylərin) 20 %-dən formalaşır. Bu şəraitdə şirkətlər CV “bombardmanına” məruz qaldığını nəzərə alsaq, şirkətlərə fərdi müraciət, “fərdi satış” üsulları daha yaxşı işləyir. Rəqabət üstünlüklərini işəgötürən qarşısında qabartmaqla həmin şirkətə lazım olduğunu göstərmək olar. Aydın rəqabət üstünlüklərin yoxdursa, bir müddət iddiaları azaltmaqla öz üzərində işləməlisən.

Bir də nəzərə almaq lazımdır ki, böhran vaxtı mövcud vakansiyaların açıq bazara çıxarılma faizi daha az olur. İşçi tapmaq daha asan göründüyü/düşünüldüyü üçün vakansiyaların çoxu kütləvi elan olunmur. Bu səbəbdən də elan olunmuş vakansiyalarla kifayətlənmək olmaz. Bir daha yuxarıdakı fikri təkrarlayıram ki, fərqli olmaqla rəqabətdən üzüağ çıxmağın yolu həmişə var. Öz üzərində daha çox işləyirsən. Daha çox öyrənmək, daha çox oxumaq, daha çox bacarıqlar əldə etməyin alternativi yoxdur.

Müəllif: Anar Bayramov

Mənbə: http://anarbayramov.com