İnvestorlar startup axtarır, startuplar da investor

İnvestorlar startup axtarır, startuplar da investor
947

İnvestorlar startup axtarır, startuplar da investor. Niyə bir-birimizi tapmırıq? Axı biz arada rastlaşırıq, ildə heç olmasa 1-2 dəfə Osman müəllim bizi görüşdürür. Axı elə sənə mən, mənədə sən lazım deyilsən?

Cavablandırmadan öncə istəyirəm ki, bəzi nüanslar aydın olsun. Elə bundan sonra sualın cavabını bərabərcə verəcəyik.

Əsas mövzuya başlamadan əvvəl tanımayanlar üçün bildirim ki, 2004-2005-ci illərdə startupın nə olduğunu bilmədən bu biznesə başlamışam və hal-hazırda yeni bir startup üzərində çalışıram. 10 il ərzində öz hesabıma başladığım və investisya cəlb etdiyim layihələrim olub. Bundan daha maraqlısı 2 ilə yaxın bir müddətdə vençur sərmayələr ilə məşqul olan şirkətdə çalışmağımdır ki, bu müddət ərzində yüzlərlə layihə və komandalarla tanış olmuşam, araşdırmışam və müəyyən qərarların verilməyində kömək olmuşam. İnvestor-startup münasibətlərini, risklərin dəyərləndirilməsini, komandaların formalaşdırılmasını, maliyyə proqnozlarının hesablanmasını və s. bu kimi ixtisasım olmayan sahələri məhz bu şirkətdə öyrənmişəm. Bütün bunları deməyimdə məqsədim əsas odur ki, həm startupçı olub yeni şirkətlər qurmuşam, həm də yeri gələndə investor kimi startupçıları dinləmişəm. Uzun sözün qısası hər iki tərəfi təmsil edərək məsələyə öz baxışlarımı qoyacam.

Startupçılar, kimi axtarırsız?

  • Azərbaycanda vençur (riskli) sərmayə ilə məşğul ola biləcək pullu adamlar və vençur fond qaldırmış şirkətlər yoxdur. Olmaq istəyənlər də müəyyən və qeyri-müəyyən səbəblərdən bazardan uzaqlaşdı. Bir də bu sektorda investor kimi görünənlər var. İnvestor kimi görünürlər və hadisələrə imitatsiya edirlər, amma nəticədə heçnə baş vermir.
  • Azərbaycanda startup ekosisteminin əsas sütunlarını təşkil edən Mələk Yatırımı (Angel Investing), Toxum Sərmayəsi (Seed Funding) və Birgəyatırım (Equity Crowdfunding) inkişaf etməyib. Yeni başlamış startupçılara ideyalarını məhsula çevirməyə, məhsullarını da bazara təqdim etməyə bu təşkilatların çox böyük rolu var. Vençur maliyyə şirkətlərinə isə bundan sonrakı mərhələlər “early-stage”, yüksək potensiallı, gəlirləri yüksələn və ölçüləbilən startup şirkətlər maraqlı olur.
  • Riskli maliyyələri idarə edə bilən (venture capital management) ixtisaslı kadrların az olması, olanların da yeni fondlar yaratmğa imkanlarının və potensiallarının olmaması. İnvestorların pulunu idarə edə bilən şəxslərin investorlarla əlaqələrinin olmaması.
  • Yerli investorların tikinti, restoran və bu kimi ənənəvi ticarət sahələrinə maraqlı olması, yerli startup ekosisteminə inamlarının azlığı nəticədə bu bazarın inkişafının qarşısını alan əsas amillərdəndir.
  • Azərbaycanda investisyanın böyük faizini dövlət sərmayələri və banklardan götürülmüş kreditlər təşkil edir. Özəl investorların payı çox azdır.
  • Azərbaycanda risk sərmayələrini tənzimləyən qanunvericilik formalaşmadığından yeni özəl investorlar ortaya çıxmır.

İnvestorlar, siz kimi axtarırsız?

  • Unikal idayesı olduğunu güman edən, heç bir iş görə bilməyən “startupçı” kütləsinin hər yerdə “bizə dəstək yoxdur” şüarları altında boş-boş gəzəmələri. Təəssüflər olsun ki, bu insanların sayı zamanla daha da çoxalır.
  • Birdəfəlik bunu bilin, ideyaya heç kim pul vermir. İdeyanı həyata keçirən komanda olmadığı təqdirdə, komandanın ideyanı həyata keçirtmə qabiliyyət olmadığı təqdirdə, ideyanı özündə əks etdirən prototipin olmadığı halda ideyanın heç bir dəyəri yoxdur.
  • Enerjilərini düzgün istiqamət sərf etməyən dostlarım, Facebookun, Googlun lokal kopyalarını qurmaqla heç bir dəyər yarada bilməyəcəyinizi artıq başa düşün. Bunu həmişə demişəm, sadəcə iki yolumuz var ya yeni bir şey etmək, ya da fərqli etmək.
  • İnvestorların layihədə axtardığı hissələri göstərə bilməyənlər. Görüşlər zamanı əsas şeyləri qoyub, havadan sudan danışanlar. Görüş zamanı vaxtı səmərəli istfadə edib, əsas elementləri danışın.
  • İdeyalarına inanmayanlar və inandıra bilməyənlər. Vaxtınızı boşa sərf etməyin. Gedin özünüzə iş tapıb, maaşlı işdə işləyin. İlk özünüz inanın, sonra komandanızı inandırın. Bu inamı investorlara transfer etməyi bacarın. İnanmadığınız işlərə heç başlamayın.
  • Son zamanlar ekosistemdə yaranmış virusun nəticəsi olaraq ortaya çıxan layihə və komandalar. Qrant müsabiqələrində və startup yarışmalarında yer tutmaq üçün yaranmış, davamlı olmayan layihələr. QHT-lərdən startup ekosisteminə yayılan qrant virusları.
  • AR-GE (Araşdırma & Gelişdirme) layihələrinin azlıq təşkil etməsi.

Yuxarıda hər iki tərəfin problemlərinə baxdıqda görmək olur ki, investorların axtardığı startupçılarımızda yoxdur, startupçılarımız da bu gedişlə investor tapa bilməyəcək. Çünkü biz bir-birimizdə olmayanı axtarırıq. Problemin həlli var.

Sanıram burda əsas güc biz startapçıların öhdəsinə düşür. Biz məsələyə düzgün baxarsaq, düzgün çalışarsaq investisiya bazarıda öz-özünə formalaşacaq. Axı ilk əvvəl biz gördüyümüz işlərlə bu bazarda investorlarda maraq və həvəs yaratmağı bacarmalıyıq. Bu bazarın böyüyə bilən bir bazar olduğunu göstərmədən necə “bina tikən investorların” diqqətini cəlb edə bilərik? Biz onlara şişməmiş bir şar göstərib deyirik ki, bunu üfürsən bu çox böyük bir şar olacaq və havalara uçacaq. Şarı bir-iki nəfəs şişirdib doğurdan böyüdüyünü göstərmək lazımdır ki, havalara uçmaqlarına inam yarada bilək. Yoxsa mahnının sözlərindəki kimi Startapçılar “havalara uçacaksın” oxuduqda, investorlarda “kandıramazsın beni” oxuyaraq cavab verəcəklər.

Müəllif: Vaqif Abbasov

Mənbə: http://vaqif.net