İngiliscə danışmaq üçün 9 önəmli məsləhət

İngilis dili öyrənən hər kəsin qarşısına çıxan problemdir. Kurslara gedirik, öyrənirik sözləri qrammatikanı, amma danışa bilmirik. Danışmağa başlayan zaman ya cümləni qura bilmirik, ya sözləri yadımıza sala bilmirik, üstəgəl həyəcan və digər bütün problemlər. Əlimizdə intermediate sertifikatı ilə, fikrimizi ifadə etməkdə çətinlik çəkdiyimiz mövqedə oluruq. Bəs problemlər hansılardır?

a) Öyrəndiyimiz sözləri unuduruq

  • Biz ingilis dilində qrammatika və sözlər öyrənirik. Öyrəndikcə, bildiyimiz bütün sözlər aktiv və ya passiv söz bazasına yığılır.
  • Gündəlik istifadədə olan olan sözlər aktiv söz bazasındadır və bu sözləri birbaşa istifadə edə bilirik, məsələn name, car, draft və s. kimi.
  • Gündəlik istifadədə olmayan və eyni zamanda uzun müddət istifadə olunmayan sözlər isə passiv söz bazamızda olur və biz bu sözləri ya zorla yadımıza sala bilirik, ya da ümumiyyətlə yadımıza düşmür. Sözü bir vaxtlar öyrənmişik, amma indi heç cür yadımıza düşmür. Yadımıza düşmədiyi üçün, fikrimizi ifadə etməkdə çətinliklərlə üzləşirik.
  • Sözlər o zaman aktiv söz bazasında olur ki, o sözlər az qala gündəlik istifadəyə daxil olur, sözlər bizim qarşımızda, gündəlik düşüncədə olur və biz bir fikri ifadə etmək üçün düşünmədən o sözlərdən ibarət cümlə qura bilirik.
  • Elə ingilis dilində danışmağın qaydası aktiv söz bazasını aktiv eləməkdən, qısa desək, ingilis dilini gündəlik istifadəyə salmaqdan ibarətdir.
  • Dil kurslarında bu imkan ona görə olmur ki, kurslar əsasən həftədə 2 və ya 3 dəfədir, yəni gündəlik deyil.. Gündəlik deyilsə, bugün olmasa, sabah, o da olmasa birigündən sonra o sözü istifadə etməyəcəksiniz. Çünkü gündəik həyatınızda ingilis dili yoxdur.

b) İngilis dilində cümləni necə quracağımız, sözləri necə istifadə edəcəyimizlə bağlı dəqiq qərar sahibi deyilik, çaşırıq, qətiyyətsizlik edirik, sonda ıııııııı, mmmmm deyərək, I don`t know ilə bitiririk məsələni.

Çox adam buna görə gedir xarici ölkədə yaşayır, minlərlə manat pul verir və öyrənir. Amma bunu etmək üçün israfçılıq da əbəsdir. Bir halda ki, özümüz bu imkanı özümüzə yarada bilərik. Yaxşı "İngilis dilini Azərbaycanda yaşayaraq necə gündəlik həyatımıza sala bilərik ki?" deyə bir sual meydana gəlir. Aşağıdakı bəndlərdə bunu izah edirik.

1. Conversation Club-lara qatılın.
Bacardığınızca danışıq klublarına, conversationlara qatılın. Çünkü conversation davam etdiyi müddət ərzində xarici ölkə mühitinin kiçik modelidir. Burada siz ancaq ingilis dilində danışır, ən əsası ingilis dilində düşünməyə başlayırsınız. Hadisələrə ingilis dilində ad verirsiz, ingiliscə rəy verirsiz bu sizə imkan verir ki, öyrənmək istədiyiniz dilin olduğu mühitin bir parçası olasınız. Qısacası gündə 1.5-2 saat "xaricdə yaşayırsınız". Hər gün qatılmaq ödənişi çox olarsa, sizə IB Club-un conversationları məsləhətli olar. Orada hər gün conversation var və kifayət qədər də sərfəlidir

2. Podcast dinləyin
Telefonunuz android və ya ios dəstəklidirsə, store-dan Podcast programını yükləyin. Podcast radio programı formatında səs yazılarıdır. Səs yazılarına qulaq asanda, deyilən sözlər həm də ekranda da görünür və bu sizə imkan verir ki, ingilis dilində dinləmə, anlama qabiliyyətinizi də yüksəldəsiniz. Ki, dinləmə danışıq prosesinin əsas amillərindən biridir. Hər gün 1, 2 podcast dinləməniz həm imkan verəcək ki, dinləməni gücləndirəsiniz, həm də sözlər gündəlik həyatınıza girmiş olsun. British Council`a məxsus podcast və BBC 6 Minute podcastları çox böyük əhəmiyyətlidir və təklif edərdim ki, gün ərzində hər birindən ən azı bir dəfə dinləmə edəsiniz. Telefona yükləyirsiniz yazıları, ondan sonra harda istəsəniz, internet bağlı olsa belə dinləyin.

3. Videolar izləyin.
Ted.com bu məqsədlə çox faydalı bir mərkəzdir. İstənilən videonun Türkçə, Rusca və İngiliscə altyazılı tərcüməsini tapmaq olur demək olar. Etməli olduğunuz şey, həftəlik olaraq bir videonu seçmək və bir həftə müddətində ümumilikdə o videoya 30-40 dəfə baxmaqdır (orta hesabla 15-18 dəqiqə). Videolara əvvəlcə tam və dəqiq başa düşəcəyiniz dildə (Türkçə və ya Rusca) altyazılı baxırsınız, videonu tam anlayırsınız. Daha sonra isə eyni videoya artıq İngiliscə altyazılı baxmağa başlayırsınız. İngiliscə altyazılı baxdığınız halda 1. Cümlə strukturlarını öyrənmiş olacaqsınız, ki, bu danışıq üçün çox önəmli dəyərdir. 2. Yeni və önəmli sözləri öyrənmiş olacaqsınız 3. Sözləri cümlələrdə neçə doğru şəkildə işlədə biləcəyinizi öyrənmiş olacaqsınız. Bəzi şəxslər videoya ingiliscə və altyazısız baxırlar və inanırlar ki, bunun onlara faydası dəyəcək. Nəzərə alın ki, belə olduqda bilmədiyiniz bir söz eşidəndə, nə onun yazılışını, nə də onun mənasını öyrənmiş olmursunuz. Sadəcə, qarşınızdakı İngiliscə danışır. Odur ki, əsas fokus İngiliscə altyazılı videolardır.

4. Söz və ya ifadə öyrənin.
Kitab mağazalarından collocations in use kitablarını alın və gün ərzində 10 söz və ya ifadəni öyrənin. Beyin gündəlik olaraq 5-6 sözü aktiv yaddaşa ötürmə qabiliyyətindədir. Bu rəqəmi artırmaq da sizdən asılıdır. Bunun üçün günün əvvəlində həmin sözləri bir yerə qeyd edin. Elə bir yerə qeyd edin ki, siz gün ərzində 4-5 dəfə açıb, o sözləri oxuyasınız və 3-4 gündən bir də öyrəndiklərinizi yenidən təkrarlayarsınız. Dostlarınıza söz verin ki, hər gün siz onlara 10 yeni söz göndərəcəksiniz. Bununla da, hər hansı gün tənbəllik etsəniz dostunuz sizi xəbərdar edəcək :). Söz öyrənmək mühümdir, çünki söz bilmirsinizsə, fikir qura bilmərsiniz.

5. Mahnılara qulaq asın
Gündəlik olaraq ingilis dilində mahnılara qulaq asın, təbii ki, sözlərinə baxaraq dinləyin. Qarşınızda bilmədiyiniz söz olan kimi, onu qeyd edib, mütləq istifadə edin :)...

6. Hər sözü öyrənməyə çalışmayın.
İlkin başlanğıcda hər qarşınıza çıxan sözü öyrənməyə ehtiyyac yoxdur. Məsələn sizə bolt-un dəmirinə verilən adı bilmək gündəlikdə yaramırsa, mütləq deyil :).. Öd kisəsində olan hüceyrənin adı nə sizə lazımdı nə də danışacağınız şəxsə :)... Ona görə də məişət sözlərini öyrənməyə daha çox meylli olun. Özünüzə sözlər üçün dəftər tutun və gündəlik həyatınıza daxil olan, işlənmə potensialı yüksək olan sözləri öyrənin. Bunu "Most common english words" yazısını axtarışa verərək tapa bilərsiniz. Dediyim kimi bu qayda ilkin başlanğıca aiddir, sonradan söz dəlisi olub. hər qarşınıza çıxanı öyrənməniz lazım olacaq :)..

7. Fikrinizi sözbəsöz tərcümə etməyə çalışmayın.
Danışmağa yeni başlayan biri olaraq, İngiliscə danışan zaman belə, Azərbaycanca düşünürük. Daha aydın deesək, fikirləri Azərbaycan dilindəki cümlə strukturundan birbaşa ingiliscəyə tərcümə etməyə çalışırıq. Ona görə də, bəzən elə qəliz sözlərin tərcüməsində ilişib qalırıq ki, heç advanced olan biri də gəlsə sırf o sözün tərcüməsini tapa bilmir. Mütləq deyil ki, demək istədiyinizi sözbəsöz tərcümə edəsiniz, əsas olan demək istədiyiniz fikri çatdırmaqdır. Örnək olaraq, "Sənin kitabın məndədir" ifadəsini əksəriyyət Your book is on/in/with üzərində mübahisə edərək tərcümə etməyə çalışırsa belə, tərcüməsi "I have your book"-dur. Özünüzü çətinə salmayın, fikri ifadə etməyə çalışın, sözbəsöz, Azərbaycanca düşünməyin.

8. Xırda detallara qədər İngilis dilində olun.
Telefonunuzun dili belə İngiliscə olsun. Sosial şəbəkələrdə istifadə etdiyiniz dil, bəyəndiyiniz səhifələr belə xarici səhifələr olsun. Quotes səhifələrini xüsusilə izləyin.

9. İngiis dilini hər gün tətbiq edin.
Özünüzlə danışın, qeyri-adi səslənsə də, hər günün sonunda özünüzlə günün necə keçdiyi ilə bağlı söhbət edin. Danışığı bölməmək üçün bilmədiyiniz sözləri Azərbaycanca deyin :), amma qeyd edib, tərcümə edin. Əmin olun ki, ingiliscə danışmaq ilk öncə gündəlik, məişət sözlərini öyrənməkdən keçir :).. Tətbiq etməyə çalışmasanız, heç bir şansınız yoxdur.

Unutmayın, gündəlik həyatınızın 2-3 saatını ingilis dili ilə bağlı fəaliyyətə sərf etsəniz (yuxarıda qeyd edilən bütün fəaliyyətlər) ingilis dilinizdə qısa müddətdə baş verən dəyişiklikləri özünüz görəcəksiniz. Bütün bunların hamısı da tənbəlliyi atmaqdan başlayır. Uğurlar!

Müəllif: Numrəddin Hüseynov