ABŞ-ın "Daqri" şirkətinin mütəxəssisləri məxsusi olaraq tikinti meydançaları üçün hazırlanan əlavə reallıq kaskası təqdim ediblər. Mütəxəssislərin sözlərinə görə, qurğu həm əməyin məhsuldarlığını, həm də işin təhlükəsizliyini artıra biləcək. Kaska ətrafdakı dünyanı təhlil edərək qurğu sahibinin gözü qarşısında lazımi informasiyanı göstərə bilir. Həmçinin qurğunun inşaatçıların işini tam dəyişəcəyi bildirilir.
"globalscience.ru" resursu yazır ki, 360 dərəcəlik baxış bucağını təmin edən kamera və sensorlar istifadəçinin ətrafındakı əşya və obyektləri göstərmək və tanımaqla lazımi məlumatları generasiya edir. Kaska cihazların göstəricilərini dəyişə, qurğuların xüsusiyyətlərini verə, obyektlərin parametrlərini oxuya bilir. Rentgen texnologiyasının köməyi ilə qurğu istifadəçiyə nəzərdən kənar qalan detalları, məsələn, borunun daxili quruluşunu göstərir. Mütəxəssislərin planına görə, bu xüsusiyyət nasazlığın aşkarlanmasını və təmir işlərini sürətləndirəcək.
Bundan başqa, qurğu sahibi "ağıllı" kaskanın yaddaşında ona lazım olan informasiyanı, məsələn, təhlükəsizlik üzrə təlimatları saxlaya biləcək. "Ağıllı" kaska insanın hərəkətini qeydə alaraq dərhal ətraf mühitin xəritəsini yaradır və reallığı "3D" formatında təsvir edir.Bir neçə mütəxəssis belə kaskadan istifadə edən zaman onlar məlumat mübadiləsi etməklə tikinti obyektinin tam modelini tikə bilərlər.Qurğunun 2016-cı ilin birinci rübündə satışa çıxarılması gözlənilir.
Mənbə: http://www.ictnews.az/