Azərbaycan paytaxtı Bakıda 17 günlük idman bayramı başa çatdı. Bu günlər ərzində ölkə idmançıları 21 qızıl medal sevinci yaşayıb və bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxmışıq.
Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi bu dəfə də orijinallığı ilə diqqəti çəkirdi. Əsas və yardımçı səhnələr buta formasında işlənib və LED diodları ilə işıqlandırılıb. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, stadionda 800 səsgücləndirici quraşdırılıb. Bədii rəhbər Ceyms Hedlinin sözlərinə görə, bağlanış mərasimi ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir.
Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.
Bağlanış mərasimi stadionda şeypurların səsləndirilməsi ilə başladı. Nəzərlər Prezident lojasına yönəldi. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkini, Lixtenşteyn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini hərarətli alqışlarla salamladılar.
Yaradıcı heyət "Oyanış" adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycanın dövlət himnini yeni simfonik aranjemanda ifa edir.
Mərasimin "Transformasiya" adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birilərinin ritm və enerjisinə cavab verirlər. Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.
Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. Stadionda qurulan "Qız qalası"nın divarları aralanır və tamaşaçının gözü qarşısında Bakının yeni rəmzi olan "Alov qüllələri" canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.
Stadionun ekranlarında qısa film nümayiş olunur. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12.500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidir.
Arenada "Çal-oyna" xalq mahnısının melodiyası eşidilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletin şərəfinə səslənən bayram havası təsiri bağışlayır. Mahnının sədaları altında stadiona bayraqdaşıyanlar daxil olurlar. Onlar iki cərgədə qarşı-qarşıya hərəkət edirlər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə ilk Avropa Oyunlarının ev sahibi Azərbaycanın bayraqları dalğalanır. Uşaq xorunun üzvləri sülh və birlik rəmzi olan su zanbaqlarını komandaların bayraqdarlarına verirlər.
İdmançılar tribunaların önündən keçirlər. Tamaşaçılar "Bakı-2015"in iştirakçı ölkələrinin nümayəndələrini alqışlayırlar. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tutdular. Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdilər.
Çıxışlardan sonra səhnədə beş yüzdən çox rəqqas diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olur. Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar yaradır. Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir. İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk halqalarında akrobatik hərəkətlər edirlər. Onlar tədricən yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda "Bakı-2015" birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.
Stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamança səsi yayılır. Əsas səhnədə Atəşgah məbədi ucalmağa başlayır. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki "həyat ağacı"nı çəkir. Onun çəkdikləri səhnədə heyrətamiz şəkildə canlanır. Yetmiş altı rəqqas qum üzərində çəkilən təsvirlərə mütənasib xoreoqrafik hərəkətlər nümayiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırırlar. Daha sonra o, qum üzərində quş fiqurları çəkir və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 50 quş görünür. Quşlar bir yerə toplaşaraq əfsanəvi Simurq quşuna çevrilir.
İfa kulminasiya məqamına çatdıqda Simurq quşu heyrətamiz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanmağa başlayır. Bu möhtəşəm səhnə məşhur əfsanənin motivləri əsasında qurulub. Əfsanəyə görə, bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və müdrikliyin müjdəçisi olan sehrli Simurq quşunun axtarışına çıxır. Bir araya gəldikdə Simurq quşunun ruhunun qəlblərində yaşadığını və birləşəcəkləri təqdirdə vahid sirli varlığa çevriləcəklərini anlayırlar. Belə də olur. Onların birliyindən yaranan Simurq quşu alovların əhatəsində pərvazlanıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyi arasında görünməz olur. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir.
Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. Onun 50 qanadının hər birinin uzunluğu gərildikdə 1-3,4 metrə çatır.
Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz - işıq diodları səpələnir. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanır. Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır. Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların asıldığı nəhəng çilçıraq səmaya yüksəlir.
Bu təsirli səhnələr Martin Rozenqarten və Kristian Ştaynhauzerin Azərbaycan xalq mahnısı "Sarı gəlin"in motivləri əsasında aranjeman etdikləri "Lanterns" musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənir.İlk Avropa oyunlarının möhtəşəm bağlanış mərasimi məşhur "Clean Bandit" qrupu və müğənni Con Nyumanın parlaq ifaları, möhtəşəm atəşfəşanlıq ilə yekunlaşıb.
Mənbə: http://www.buro247.az