İctimai nəqliyyatımızda ''Baku Bus'' fərqi

İctimai nəqliyyatımızda ''Baku Bus'' fərqi
1522

Yəqin bir çoxunuz razılaşarsınız ki, hər gün ictimai nəqliyyatdan istifadə etdiyimiz zaman bir çox hallarda bu və ya digər formada əsəb və stress qazanırıq. Mən də sizlərdən biriyəm, bir çox hallarda sürücülərlə mübahisələr fonunda və ya başqa formada ictimai nəqliyyatda xeyli əsəb və stress keçirdirəm. 21-ci əsrdə-sosial innovasiyalar, texniki tərəqqi, ən müasir texnologiyalar dövründə yaşayırıq, amma bir çox baxımdan əminliklə qeyd edə bilərəm ki, ictimai nəqliyyatımız və sərnişin daşıma xidməti beynəlxalq standartlara uyğun bir formada təşkil olunmayıb. Şəkildəki vəziyyət də çoxumuza tanışdır yəqin:

  • Baku Bus MMC-nın avtobusları

Mən də mediada və digər KİV-lərdə oxumuşdum ki, “Baku Bus” MMC-nin avtobusları artıq bəzi xətlər üzrə hərəkətə başlayıblar. Amma bu avtobuslardan istifadə etmək imkanım olmamışdı. Bu gün dedim bu qurumun sərnişin daşıma xidmətindən istifadə edim və ümumi xidmət səviyyəsini, sürücülərin davranış kodekslərini və.s detalları müşahidə edim. Düzü, təəccübləndim çünki təəssüratlarım yaxşı oldu. Öncədən deyim ki, Baku Bus MMC ilə yaxından ya uzaqdan, heç bir formada əlaqəm və tanışlıq münasibətlərim yoxdu əmin olun. Sadəcə, necə deyərlər, yaxşıya dəstək verib daha da yaxşılaşdıraq, pisi də tənqid edib yaxşılaşdırmağa çalışaq. Və yaxud da tənqid edə bildiyimiz kimi bəzən tərif də etmək lazımdır. Beləliklə, şahidi olduğum situasiyanı olduğu kimi sizə anlatmağa çalışacam:

Dayanacaqda idim və Baku Bus MMC-nin avtobusu asta sürətlə dayanacağa yaxınlaşdı və saxladı, mən orta qapıdan mindim(avtobuslar 3 qapılıdır), sən demə avtobusa minəndə ön qapıdan minmək lazım imiş ki, ordan Bakı Kart (metro kartı) vasitəsilə ön qapıya yaxın bir tərəfdə yerləşdirilmiş terminala ödəniş etməlisən və ən əsası da sürücü bunları detallı formada mənə başa saldı, özüdə çox mədəni və səbrli bir şəkildə(bu tip bir sürücü gördüyümə də xeyli təəccüblənmişdim düzü),yəni gülərüz personal anlayışını avtobusda da gördüm. Hiss olunurdu ki, sürücülərə konkret təlimatlar verilib.

Elektron ödəniş sisteminin əhəmiyyəti bu sektorda çox önəmlidir əslində, çünki düşünürəm bu sistemin tətbiqindən sonra sürücülər artıq konkret şəkildə fix maaş sisteminə keçər və planı vurub daha sonra əlavə pul qazanmaq üçün avtobusu F-1 yarışlarındakı kimi idarə edib insanlara canlı “20 qəpik” kimi yanaşmazlar. Terminala elektron formada kart vasitəsilə ödəniş etdim və avtobusda özümə yer tutdum.

Avtobusda normal komfort var idi, oturacaq daha rahat idi, kondisioner sistemi də çalışırdı, xeyli sərinlədim nəticədə, bundan başqa hər bir dayanacağa yaxınlaşdıqca dayanacağın adı və ünvan elektron səs vasitəsilə avtobusda elan olunurdu, avtobus ancaq dayanacaqda dayanırdı, bəzi sərnişinlərin sürücüdən saxlama tələbinə baxmayaraq sürücü onlara ancaq dayanacaqda saxlamalı olduğunu bildirib normal sürətlə(50-80 km/saat) yoluna davam edirdi. Kənardan da əl sallayıb avtobusu saxlamaq istəyən görəndə də saxlamırdı avtobusu. Dayanacağa çatdıqda orta və arxa qapılar açılır və oradan düşürsən ki avtobusa minmək istəyənlərə bu və ya digər formada mane olmayasan.

  • Xülasə

Hardasa 20 dəqiqəyə yaxın avtobusda yol getdim və qəti əsəb, stress keçirmədim, əksinə bir az dincimi də aldım. Gündəlik ictimai nəqliyyatda qazandığınız stressi minimuma endirmək istəyirsinizsə bu avtobuslardan istifadə etməyi sizə tövsiyə edirəm. Gələcəkdə bu xidmətin keyfiyyətində hansı dəyişikliklər olacaq deyə bilmərəm, amma görünən odur ki, yaxşı mənada fərqli bir sərnişin daşıma xidməti təqdim olunub, demək ki, bu keyfiyyətdə xidmət göstərmək olarmış. İndi qalır effektiv nəzarət sistemi vasitəsilə keyfiyyətə nəzarət etmək və paralel olaraq onu daha da yaxşılaşdırmaq.

Dünyanın ən önəmli biznes maqnatlarından hesab olunan Bill Gates-dən soruşulur ki, bu qədər uğurlu bir insan olmağınızı nəyə borclusunuz? Bill Gates cavabında bildirir ki, hər şeyi maksimum səviyyədə nəzarət altında saxlamağa çalışmışam. Necə deyərlər, control, control və bir daha control!!! Birdə Millət olaraq da özümüzdən çox şey asılıdır, yaxşı dəyərlərə sahib çıxıb onları qoruyub saxlamağı bacarmalıyıq.

Ümid edirəm ki, Baku Bus MMC öz fəaliyyət dövrü ərzində sosial məsuliyyəti əsas tutaraq, öz missiya və vizionuna sadiq qalaraq ölkədə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasına, vətəndaşlara beynəlxalq standartlara uyğun, rahat, təhlükəsiz və etibarlı bir xidmət göstərilməsinə və müvafiq sektor üzrə innovasiya və təşəbbüskarlıq meyllərinin tətbiqinə önəmli töhfə verəcəkdir.

Müəllif: İsmayıl Baxışlı

Mənbə: https://ismayilbakhishli.wordpress.com