Artıq bir neçə ildir ki dünyanın müxtəlif mötəbər elm və araşdırma dairələrində IV Sənaye inqilabının yetişdiyi və elmi-texnolojik yeniliklərin, insanların davranış istiqamətlərinin bunu daha da sürətləndirdiyi əsas müzakirə və mübahisə mövzularından biri olmuşdur. Məhz 2016-cı il Dünya İqtisadi Forumunda da növbəti sənaye inqilabı haqqında müzakirələr aparılmışdır.Növbəti sənaye inqilabının yetişməyinin göstəriciləri nələrdir? Bu yazıda Sizlərlə bu barədə dünyanın mötəbər elm və araşdırma dairələrinin irəli sürdükləri tezisləri də diqqətə alaraq müəyyən fikirlərimi paylaşmaq istəyirəm.
İlköncə istəyirəm indiyə qədərki sənaye inqilabları və əsas “driver”-ları, yəni təsir faktorlarını xatırlayaq və IV Sənaye inqilabının bunlardan nə ilə fərqləndiyini göstərim.18-ci əsrin sonlarında daha dəqiq desək 1784-cü ildə buxar makinasının icadı ilə istehsalın mexaniki vasitələrlə donanmasının başlanğacı hesab edilən I Sənaye inqilabı dövrü hesab edilir.II Sənaye inqilabı bundan təxminən 90 il sonra 1870-ci illərdə meydana çıxmış və əsas müəyyən edici və təsir edici faktorları isə elektrikləşmənin yayılması, iş bölümünün qəbulu və kütləvi istehsal anlayışının başlanğıcı kimi qəbul edilir.
III Sənaye inqilabı da təxminən özündən əvvəlki kimi təqribən bir əsr sonra gerçəkləşmişdir. 1969-cu il III Sənaye inqilabının başlanğıc dönəmi kimi qəbul edilir. Əsas informasiya və müəyyən edici faktorları elektronikanın inkişafı, informasiya texnologiyalarının yaranması və yayılması və bunlardan istifadə ilə avtomatlaşdırılmış istehsal dövrünün yaranmasıdır.
Hazırda yaşadaığımız dövr IV Sənaye inqilabının astanası dövrü və ya “körpü” dövrü olaraq qəbul edilə bilər. Sənaye inqilablarının yaranması aralıqlarına diqqət etsək bundan əvvəlkilər üçün təxminən 100 illik bir zaman aralığı varsa, artıq IV Sənaye inqilabının 100 ili gözləmədən daha tez formalaşacağı qəbul edilir. Bunun da səbəbi artıq bu transformasiya üçün şərtlərin mövcudluğudur… Bundan əvvəlki sənaye inqilabının əsas itici qüvvələrindən olan elektronikləşmə və informasiya texnologiyalarının sürətlə yayılması, həyatın bütün sahələrində tədbiqinin daha çox müsbət nəticələrlə özünü göstərməsi və ən əsası da digər sferalarla bütünləşməsi bu transformasiyanın və ya bu inqilabın daha tez baş verəcəyinə sübütlar kimi irəli sürülür. Əvvəlki inqilablarda informasiya və digər faktorların lineer, ədədi silsilə formada yayılması baş verirdisə IV Sənaye inqilabında bu həndəsi silsilə ilə yaşanacaqdır.
Bəli, IV Sənaye inqilabının əsas “driver”-ları “Cyber-physical systems”lərin olması qəbul eidlir. Kiber-fiziki sistemlər özündə fiziki, digital və bioloji sferaları birləşdirir. Bu da informasiya texnologiyalarının və yaratdığı məhsulların, bu üç sferanın bir-biri ilə sistemli və qarşılıqlı əlaqələrinin tənzimləməsində bilavasitə iştirakçı və təsiredici xüsusuiyyətlərdə olmasıdır. Bir digər xüsusiyyəti yuxarıda qeyd edilən informasiya və tədbiqatların sürətliliyidir. Ən önəmlisi isə həyatın bütün sahələrində özünü daha çox göstərəcəyi yəni “sistemli təsir” xüsusiyyətinə malik olmasıdır. Sənayenin bütün halqalarında: istehsal sistemlərinin inteqrasiyasında və korporativ idarəetmədə, işverən-işçi, şirkət-müştəri qarşılıqlı əlaqələrində bu özünü göstərəcəkdir.
IV Sənaye inqilabının başlanğıcı göstəricilərindən artıq bəzilərinin meydana çıxdığını da söyləyə bilərik ki nümunə olaraq, “artificial intelligence”-“süni intellekt”, müxtəlif sahələrdə robotlaşmanın artması və insan həyatında sürətlə yayılması, “internet of Things” məvhumu, “3-D printing” və məhsulları, nanotexnologiya, biotexnologiya, kuantum hesblamalar, enerjinin stoklanması, yenilənəbilən enerjinin istifadəsinin artması, özünüidarəedən nəqliyyat vasitələrinin meydana çıxması və s.
Hər bir transformasiyanın bütün dövlətlərə, iqtisadi və siyasi sistemlərə, özəl və dövlət sektoruna, şirkətlərə və şirkətlərin makro və mikro mühit faktorlarına: içində bulunduğu sektora, rəqiblərə, müştərilərinə, əməkdaşlarına və s. təsiri qaçınılmazdır. IV Sənaye inqilabının biznesə təsiri bu sahələrdə daha çox özünü göstərəcəkdir: Tələbin formalaşmasında digital vastilərin rolunun artması, şəffaflığın artması, müştəri loyallığı və nişanlılığı, müştəri davranışlarına təsir edən elementlərin sərhədinin genişlənməsi (missal üçün mobil şəbəkələrlə informasiya və alış verişin sürətlə yayılması) şirkətlərə bu istiqamətdə yeniliklərin qəbul edilməsi və özlərinə adaptasiya edərək faydalanmasını tələb edir.
Məhz buna görə də cəmiyyətdə hər bir istiqmətdə bu sənaye inqilabına hazırlıq mühüm məsələ olmalıdır. Dövlət və özəl sektorda daha çox professional, şəffaf və sistemli idarəetmə, daha çox proaktiv qərarların alınması, transformasiyaya mane olan faktorların ələnərək uzaqlaşdırılması, innovativ düşüncə və tədbiqatların yayılması, elmi-texniki və tədbiqi araşdırma ocaqlarının artırılması və məqsədli istifadəsi görüləcək tədbirlər olmalıdır…
Müəllif: Cəbrayıl Vəliyev
Mənbə: http://jabrayilvaliyev.com/