''Gələcəyə Qayıdış'' Marketinqə dair proqnoz
Bu yaxınlarda “Gələcəyə Qayıdış” filminin 30 illik proqnozunun nə qədər tutarlı olduğunu müşahidə etdik. Filmdən ilhamlanaraq marketinq sahəsində baş verəcəklərlə bağlı öz proqnozlarımı vermək istəyirəm. Proqnozumun nəticələrini 24.10.2030 tarixində yoxlaya bilərsiniz.
- Araşdırma fəaliyyəti artıq üz-üzə və kağız üzərindən online platformaya keçəcək. Daha çox mobil applikasiyalar vasitəsilə birbaşa respondentlə kommunikasiya qurulacaq və onların könüllü iştirakı təmin ediləcəkdir. (Gələcəkdə insanların mobil cihazlara bağlılığı daha da artacaqdır) Araşdırma üçün digər vasitə sosial şəbəkələr olacaqdır. Həmin ərəfədə, Google glass tipli cihazlardan istifadə edəcək satış əməkdaşları müştərilərin sosial şəbəkələrinə müraciət edərək onların ehtiyacları və davranışları (həm də xasiyyətləri) haqqında operativ məlumat ala biləcək və çevik (müştəri yönümlü) satış davranışları sərgiləyə biləcəkdir. Araşdırma üçün başqa vasitə, loyallıq kartları olacaqdır. Bu vasitə ən optimal və daha məlumat yüklü olacaqdır. Hətta, insanların bütün satın alma davranışları bu kartlarda öz əksini tapacaqdır.
- Reklam və tanıtım fəaliyyətləri də virtual arenaya keçəcəkdir. Bu fəaliyyət üçün 2D vasitələr öz əhəmiyyətini itirəcəkdir. İnsanlar məhsulu əvvəlcə virtual və 3 həcmli tələb edəcək, və bu cür vasitələr onlarda daha çox əminlik yaradacaqdır. Burada virtual reallıq cihazlarının daha vacib rol oynayacağını deyə bilərik. (Facebook-un və Apple-in bu sahələrə intensiv investisiyaları əbəs deyil) Həmin vasitənin əhəmiyyətinin artmasındakı digər səbəb isə, qulaqdan-qulağa marketinqin öz etibarını itirməsi olacaqdır. Şirkətlər tərəfindən sui-istifadə ediləcək bu metod müəyyən vaxtdan sonra artıq inanılır olmayacaq. Və ya insanlar başqalarının sözündən çox, özlərinin təcrübələrinə (denemelerine) əhəmiyyət verəcəkdir. Reklamın digər əsas vasitəsi insanların yuxuları olacaqdır. Bəli, şirkətlər istehlakçıları yuxuda tutmağa məcbur olacaqlar ki, artıq burada onların qaçış imkanları olmayacaq. Düşünürəm ki, digər formada evlilik təklifləri kimi reklamlar da fərdi xarakter alacaqdır. Yəni, individual dəyər sadəcə məhsulun istehsalında deyil, onun tanıtımında da məcburi hal alacaqdır.
- Distribusiya fəaliyyəti də artıq çatdırılma formasına keçəcəkdir. Həmin vaxta qədər müəyyən böyük şirkətlər və ya brendlər daha etibarlı olacağı üçün, onların “sifariş et-çatdıraq” satışı da rahat və geniş yayılmış olacaqdır. Bunun əsas səbəbləri insanların öz boş vaxtlarına daha çox önəm vermələ,ri və həm də marka sadiqliklərinin artması olacaqdır. Bura super və hiper marketlər də aid olacaqdır.
Baş verən tendensiyalar (texnologiyanın və mobilləşmənin insan həyatının bir parçası olması, və müştərilərin artıq rahatlıqla aldatılamayacağı amilləri) marketinq fəaliyyətlərinin bu yöndə gedəcəyini göstərir.
Bu qədər. Proqnozumun tutmasına 95% faiz zəmanət verə bilərəm. 5% ayaq yeri qoysam yaxşı olar…
Müəllif: Gədir Davudov
Mənbə: https://gadirdavudov.wordpress.com