Çox adama bizim futbolun bugünkü vəziyyətinin səbəbi maraqlıdı. Bəziləri havadan-sudan cavab deyər. Əksər insan isə buna uşaq futbolunun olmaması ilə cavab verər. Dədəcanı razıyam, bu ən böyük səbəblərdən biridi. Amma əlavəm var. Diqqət!!! Yığın camaatı başınıza, deyirəm indi. İlin şok açıqlaması olmasa da :)) Bilirsiz, Azərbaycan futbolunda ruh yoxdu. Bilirəm indi çoxunuz “eee… mən də dedim nəsə deyir” deyəcək. Bu ruh azarkeş ruhu ilə bağlı olan ruh deyil. Bu futbolçu ruhudu. Bu klub ruhudu. Ən əsası bu bir futbolçunun klub ruhudu.
Aydınlaşdırım. Görəsən, bizim premyer liqada öz klubuna ruhu ilə bağlı neçə futbolçu var? Görəsən neçə nəfər qatı “Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Bakı” azarkeşi olan futbolçumuz var? Fikirləşmisiz bunu heç? Onlar üçün fərqi yoxdu, fikirləşirlər ki, mövqelərində ən yaxşıdırlar, birindən çıxsalar (qovulsalar!) digər klub o dəqiqə transfer təklifi göndərəcək. “Milli də məni çağırmayıb kimi çağıracaq ki?!” düşüncəsi. Görəsən Vaqif Cavadov üçün necə hissdir Tventedən qayıdandan sonra “Bakı” forması ilə UEFA Avropa Liqasının təsnifatında mərhələlər adladığı “Qarabağ”a qarşı oynamaq? (Tventedən qayıdanda “Bakı” daha çox pul təklif etmişdi deyə “Qarabağ”ı seçməmişdi) Və yaxud Mahir Şükürovu daha “Anji”də istəməyiblər deyə Bakıya qayıdandan sonra hər hansısa bir klubla razılaşmaq.
Görün vəziyyət elədi ki, Amit Quluzadə “Fenerbahçe” klubuna “Neftçi”yə olan bağlılığından dolayı yox, “orda əsas heyətdə oynaya bilməyəcəm” deyib getmədi. Bu qədər … (söz tapmıram sadəcə nöqtə yerinə) olmaq olar? “Fenerbahçe”də məşq eləməyi, oynamağı daha çox qazandıracağı halda (futbol bacarıqları mənasında) əsas heyət bəhanəsi ilə türk klubunun transfer təklifini rədd elədi.Nümunə üçün deyim ki, Arda Turan Avropa çempionatından sonra sırf “Galatasaray”a bağlı olduğu, ona daha çox kömək edə bilmək üçün Avropaya getmədi.
Düzdü, Neftçi tarix etibarilə Galatasaray və Fenerbahçedən 30 yaş kiçikdi. 30 ilə bir futbol nəsli yetşdirmək olar, amma bugün bizim futbolçularımızda bir nəsil olmaq niyyəti belə yoxdu. Onlar sadəcə meydana çıxıb, gəzişib, qaçıb, layiq olduqlarından daha çox pul qazanırlar və onlar üçün oynadıqları klubun nə ifadə etməsi mənimçün şübhəli məsələdi. Onlar hələ Fiqo deyillər ki, “Barcelona”dan “Real Madrid”ə keçəndə futbol bacarıqlarından bir şey itirməsinlər. Onlar hələ də klubları üçün yox, özləri üçün oynayırlar.
Elə bu yazını yaza-yaza Elnur Allahverdiyevin “Xəzər Lənkəran”dan qovulması xəbərini oxudum. Lənkəranda həqiqətən futbol ruhu var, oyunçuları deyə bilmərəm, amma azarkeşlər və rəhbərlik kluba böyük dəyər verir. İndi görün vəziyyət nə yerdədi ki, Allahverdiyev bu klubdan qovulub. Klubunu sevən insan klubdan qovulmaz. (Elnur Lənkərana 2010-da “Qarabağ”dan gəlmişdi).
Yəni ki, məsələ gördüyünüz kimi belədi. Kimsə (?!) futbolumuzu qabağına qoyub ciddi söhbət eləməlidi ki, bəs ay balam, belə olmaz.
P.S. Futbol bir top, bir cüt buts və bir dəst futbol geyimindən daha artığıdır və daha çox ürək məsələsidi, ruh məsələsidi.
Müəllif: Tural Babayev