Ətrafımızın mənfi təsiri

Sual: Gələcək yönəlik hədəflərimdə yaşımın mənə psixoloji təsir etməyidir. Ətraf insanların “bu yaşdan sonra oxumaq nəyinə lazımdır?” deməkləri məni çox həvəsdən salır. Bu problem bir çox gənc xanımlarda var. Özümü o cür kənar müdaxilələrdən necə qoruya bilərəm?

Sual müəllifi: Muradova Günel

Cavab: Bəli, ətrafımız bizə təsir edir, həm də çox təsir edir. Bir çox hallarda ətrafımızın bizim haqqımızda fikirləri və cəmiyyətin strereotipləri altında biz hipnoz edilmiş oluruq. Bizi inandırmağa çalışırlar ki, bu yaşda oxumaq olmaq, bu yaşda artıq evlənmək lazımdır, bu yaşda və statusda artıq biraz ağır olmaq lazımdır. Cəmiyyət bizim üçün müəyyən standartları artıq hazırlayıb və bu standartların içinə sığmayan insan “bizdən deyil” statusunu alır və hərkəs onu “doğru yola” istiqamətləndirməyə çalışır.

“Sən bunu mütləq bacaracaqsan” sözlərinin bizə əlavə güc verdiyi kimi “sən bunu edə bilməzsən” sözü də bizim gücümüzü alır. Çevrəmiz tərəfindən beynimizə yeridilən bizim özümüz haqqımızda inanclar bizim əsl potensialımızı göstərməyimizin qarşısını alır.Unudmamaq lazımdır ki, biz cəmiyyətdə yaşayırıq və özümüzü bu cəmiyyətdən uzaqlaşdıra bilmərik. Buna görə də bizim motivasiyamızın digər insanlara və kənar faktorlara bağlı olmamasına öyrəşməliyik. Ətrafımızda müxtəlif insanlar olur və bunlardan bir qismi özləri çox iş etməsələr də, işgüzar və məqsədləri olan insanları tənqid etməyi xoşlayırlar.

Bir neçə növ tənqid var və bunlardan faydalı olanı konstruktiv tənqiddir : bizim nöqsanları və diqqətə almadığımız məqamları göstərən tənqid. Konstruktiv tənqid bizə çox lazımdır, çünki bu tənqid növünü digərlərindən fərqləndirən odur ki, nəyin pis olduğunu deyil, nəyi və necə daha da yaxşı edə biləcəyimizi göstərir.

Bu tənqid növünə emosional reaksiya vermədiyimiz zaman çox ciddi nəticələr çıxardmaq olar. Mənim ətrafımda halı hazırda bir neçə insan var ki, onların tənqidləri mənim üçün çox böyük əhəmiyyət daşıyır. Demək olar ki, mənim bir “tənqid komissiyam” var, və mən əsas böyük işlərimi bu insanlara hər zaman göstərirəm və fikirlərini demələrini xahiş edirəm. Bəzi hallarda onların fikirləri mənim təklifimi və ya layihəmi darmadağın edirlər, amma emosiyaları kənara qoyaraq nəticələr çıxardıram və təkrar işə başlayıram. Digər insanların tənqidləri isə artıq əhəmiyyət daşımır mənim üçün.

Nə etməli?

Ətrafınızda olan insanları bir neçə kateqoriyaya bölün. Birinci növbədə zamanınızı daim müsbət insanlarla keçirin. Müsbət insanlarla ünsiyyət Sizin də müsbət olmanızı təmin edəcək.

Neqativ energiya verən insanlardan uzaq olmağa çalışın. Şəxsən mənim bir “qara siyahım” var : neqativ insanlar. Bu insanlardan mənə zəng gələndə maksimum 60 saniyə danışıram, daha sonra üzr istəyirəm ki, iclasım və ya görüşüm var, və əlaqəni kəsirəm. Öz müsbət enerjimin və əhval ruhiyyəmin heç kimin oğurlamasına icazə verə bilmərəm.“Yanğın söndürən” adlandırdığım kateqoriyadan olan insanlardan uzaq durun. Bu insanlarn Sizin içinizdə olan böyük məqsədlər alovunu söndürmək istəyirlər.

Nəticə?

Öz müvəffəqiyyətlərinizi və gələcək planlarınızı, məqsədlərinizi və xəyallarınızı digər insanların standartları ilə ölçməyin. Sizin məqsədləriniz var və Siz özünüzü o yerdə, gələcəkdə görürsünüz. Sizin bu xəyallarınızı gücləndirəcək və Sizə motivasiya verəcək insanlarla ünsiyyətdə olun. Zaman gələcək, Sizə “boş şeydir”, “bizdə bu işlər alınmaz” deyən insanlar Sizin üçün “yenə də bəxti gətirdi” deyəcəklər.

Müəllif: Fəxri Ağayev

Mənbə: http://agaev.az