Əsas odur CV daşdan yox, HR-dan keçsin

Bu günlərdə Media FM-də yayımlanan səhər şousunda CV-də nələrin qeyd edilməyinin vacibliyi ilə bağlı sorğu keçirilirdi. Təcrübəli şəxslər maraqlı və faydalı məsləhətlər verirdi. Təəssüf tam qulaq asa bilmədim, amma müxtəlif istiqamətlər üzrə müraciət edərkən maraqları qeyd etməyin əhəmiyyəti, CV-yə ‘cover letter’-in əlavə etmənin, vəzifə təlimatı və ya konkret gördüyün işləri yazmağın vacibliyi çox adam tərəfindən təklif edilirdi. Elə həmin günü qabağıma CV-də qeyd edilməməli 8 məsələ haqqında da yazı çıxdı. Qısası CV haqqında yazmağa ilhamlandım.

İstər 10, istərsə də 15 il iş təcrübən olsun, bu sənin ortaya yaxşı CV çıxarmağına zəmanət vermir. Amma ən azından illərin təcrübəsi sizə HR qarşısına ortabab bir CV qoymağınıza imkan verir. Ötən həftə ‘Narxozu qurtarıb iş tapa bilməməkdən’ yazanda hədəf qrupumuz tələbələr idi və artıq azdan-çoxdan iş tapıb çalışan şəxslər də razı olar ki, fərdi inkişafla bağlı ən çox məsləhətə ehtiyacı olan də elə tələbələr və ya 18-20 yaşında olan gənclərdir. İstərdim ki, eşitdiklərim, gördüklərim, bildiklərim silsiləsindən karyerasında ilk addımı atmaq istəyən şəxslər üçün özlərinin birinci, lap elə olsun ikinci CV-sini hazırlayarkən nəzər yetirməli olduqları məsələləri burada qısaca qeyd edim:

Mənim ilk CV-im
Birinci öz təcrübəmdən qeyd edim ki, ilk CV-imi 2005-ci ildə 1-ci kursda oxuyanda hazırlamışdım. Necə deyərlər tələbənin olanından, orta təhsil, ali təhsilə başlamağım, dil və kompüter bilikləri və ‘reading, traveling, listening to music, cars, sport, basketball’ kimi maraqlar. Bir də ki yahoo e-mailim. Amma çox keçmədi, Bakı Turizm İnformasiya Mərkəzinə təqdim etdiyim bu CV mənə 4 ay sonra Bakıda yeni açılan xarici restorana ofisiant kimi işləməyə imkan verdi. Demək ki, CV hazırlamaq üçün 4 ilin bitməsini gözləmək lazım deyil 

CV-im axı cəmi 1 səhifədir
Ali məktəbdə dərs deyərkən məndən mütəmadi CV ilə bağlı məsləhətlər alırdılar. Biz də azdan-çoxdan qeydlərimizi edirdik. Təəssüf ki, müəllimlərimizin çoxu bizə nələrisə öyrətməyə çalışsalar da, daha vacib məqamları çox az paylaşırdılar. Deyilənə görə mən azdan biraz çox paylaşmışam. Lap öz yerimə sevindim. Auditoriyaya ilk girərkən tələbələrdən soruşduğum suallara ‘Son 3 ildəki uğurların’ və ‘Növbəti 3 il üçün planların’ liderlik edirdilər. Cavablar isə məktəbi bitirmək, universitetə daxil olmaq, universiteti bitirmək, iş tapmaq və…

Təəssüf ki, biz tələbə kimi 10 il qabaq necə düşünürdüksə, indi də bu sxemə nə isə əlavə edə bilən tələbə azdır. Ona görə də mənim birinci CV-im kimi çoxlarının CV-si cəmi 1 səhifə olur. Buna səbəblər çoxdu, amma əsas məqamlar tələbənin dərsdən kənar vaxtının səmərəsizliyi, bekarçılığı, məqsədsizliyi ilə bağlı olanlardır. Əgər hətta məktəbli kimi ‘Şahinlər’ yarışında iştirak etmisənsə, 2-3 cümlə ilə bu yarışın vacibliyi və sənə olan faydalarından qeyd etmən yalnız xeyrinə işləyə bilər. Səni gənc kimi işə götürmək istəyən insana ‘nə edirsənsə məqsədyönlü edirsən’ prinsipini 1 səhifəlik CV-də satmağı bacarmaq lazımdır. Onsuzda səni güclü karyeran var deyə işə götürmürlər, hamıya məlumdur ki sən ya tələbə, ya da sadəcə orta məktəb məzunusan. Bunlar olmasa CV-də gərək sətirlər arası interval 2 olsun ki, məlumatlar 1 səhifəyə ‘yerləşsin’.

‘Qardaş mənə bir CV düzəlt’ dövrü bitib
Əgər gənc həyatını müsbətə dəyişmək üçün ilk addımı atmaq istəyirsə, ilkin olaraq CV-ni düzəltməyə tənbəllik etməməlidir. İndi internetdə lazım olan bütün resurslar var. Öz təqdimatını özün orta qoymağı bacarmalısan. Eybi yoxdur əgər şablon varsa onun üzərində et, yetər ki özün bunu et. Çünki CV-in diqqət cəlb etsə, növbəti mərhələdə oradakıları özün təqdim etməli olacaqsan. Həm də ki, özünə inamın formalaşması üçün ‘Özüm öz CV-mi hazırladım’ deyə biləcən. Sonradan tövsiyyələr üçün onu artıq peşəkar hesab etdiyin şəxslərlə paylaşa bilərsən.

‘Copy paste’ etməyin
Şablon CV tapmaq yaxşıdır, amma orada şəxsiyyətinizi və bacarıqlarınızı və ya qısa məlumatınızı tapdığınız CV-dən tam olduğu kimi ‘kopyalamayın’. Qətiyyən!! Hətta ‘stress altında işləmək’ və ya ‘yüksək problem həll etmək bacarığı’ yazarkən CV-də qeyd etməsənizsə də özünüz fikirləşin ki, bu bacarıqlarınız ilə bağlı verilən suallara ‘iş’ təcrübənizə əsasən konkret hansı misallarınız var. Mən demirəm ki, iş təcrübəsi yoxdursa qeyd etmək olmaz. Sürücülük vəsiqəsi imtahanı və ya universitetdəki semestr imtahanları vaxtı atanızın səhhəti ilə bağlı gecəynən təcili rayona gedib sonra qayıdıb imtahanı uğuırlu vermək də buna misaldır. Özünüzü daha yaxşı tanıyın və yazdıqlarınızın nə qədər sizə uyğun olduğunu götür qoy edin. İnanın ki, elə keyfiyyətləriniz var ki, onları hələ 30 yaşında özünüzdə kəşf edəcəksiniz.

Mən necə də maraqlı insanam
CV-in ən maraqlı hissəsi ‘Maraqlar, Hobbilər’ ilə bağlıdır. Bu bir fürsətdir ki, yaxşı futbol oynaya bildiyimi, meloman olduğumu, səyahəti çox sevdiyimi və güya ki gecə-gündüz əlimdən kitab düşmədiyini burada qeyd edim və diqqət cəlb edim. Əlbəttə, məni bu yazıya ilhamlandıran radio şousunda da deyildiyi kimi elə peşələr var ki, oraya müraciət edərkən sizin nə ilə maraqlandığınıza fikir verirlər. Ümumilikdə isə bu sizin tipinizin müəyyən edilməsində çox vacib bölmədir. Qanunauyğun olaraq şablon maraqlar sizin şablonluğunuzda, daha orjinal maraqlar isə sizin orjinallığınızdan xəbər verəcək. Amma orjinal görünəsiniz deyə ömrünüzdə bir dəfə etdiyiniz məşğuliyyəti lütfən qeyd etməyin. Oxumağı qeyd edirsinizsə hansı janrı oxuduğunuzu və hansı faydalar qazandığınızı, eləcə də gündəlik həyatda bu marağın sizə hansı müsbət təsiri etdiyini yazsanız daha maraqlı maraq olar, nəinki maraqsız maraq.

Sosial simanız
Nə qədər deyilsə də yenə də CV-lərdə ‘alexa007-bakinka@bk.ru’ kimi e-mailləri yazan şəxslər var. Başa düşüləndir ki, sizdən qabakı nəsilin Məmmədov Əliləri, Həsənova Günayları Yahoo-da, Gmail-də və digər e-mail servislərində bu adları tutublar, sizə də indi çətindi ad və soyadlı e-mail açmaq. Amma bu o demək deyil ki, ad və soyadlı hər hansı bir kombinasiya tapmaq mümkünsüzdür. E-mail sizin simanızdır. Əgər sosial şəbəkələrdəki hesabınız bu e-mail ünvanı ilədirsə o zaman bu hesablara da əl gəzdirin. Bağlılıq yoxdusa belə necə bir tip olduğunuzu yoxlamaq üçün Facebook qadağan olmayan şirkətdə sizi işə götürmək istəyən mütləq sizi axtarışa verəcək. Odur ki, InterHR-ın axtarışından uğurlu keçmək üçün sosial şəbəkələrdə öz brendinizə, yəni özünüzə fikir verin. Bankda işləmək istəyirsinizsə, ara-sıra hətta fikir bildirmədən belə bank xəbərlərini öz səhifələrinizdə paylaşmaq və ya daha ciddi səhifələri ‘LAYK’ etməklə düzgün iş görmüş olarsınız. Məsləhətdir ki, CV-də gülərüz və ciddi geyimdə, eləcə də arxa fonu fontan, toy, park, meşə olmayan fotonuz olsun.

CV-in dili olsaydı
Başlığa baxmayın anatomik dili demirəm. Danışıq, daha dəqiq yazı dilini bildirirəm. Azərbaycanca olan CV-də ‘Axran’ yazan da görmüşük. Dərd bu deyil. Dərd odur ki, konkret CV-sinin Azərbaycan, Rus və ya İngilis dilində olmasından asılı olmayaraq, təkrar-təkrar redaktə edib maksimum qrammatik və leksik səhvlərdən qaçan adam çox deyil. Microsoft World yazmısınızsa düzəldib Microsoft Word edin. Hər üç dili Excellent yazıb keçməyin, ən azından CV-ni hazırladığınız dili mükəmməl bildiyinizi nümunə kimi göstərin.

Əgər şirkətin öz CV forması varsa
Nəhayət bütün bunlara əməl edib CV hazırlayıb şirkətə müraciət edəndə görürsünüz ki, onların öz CV formaları var, onda deməyin, hayıf əziyyətimdən. Daha yaxşı olar ki, tələsmədən məlumatları şirkətin ‘İşə qəbul formasına’ daxil edəsiniz. Razıyam ki, şirkətin formasında bəzi suallar olmaya bilər və siz özünüzü daha yaxşı təqdim etməyə bilərsiniz. Amma bu o demək deyil ki, öz CV-nizə vurulub maksimum onu təqdim etməyə çalışasınız. Bunu o zaman etmək yaxşı olar ki, forma CV-nizdən çox fərqlənər və suallardan kasad olar, onda e-mail ilə və ya əl ilə öz CV-nizi əlavə olaraq təqdim etmək olar. Həm də bu iş alınmazsa, sizin əziyyətlə hazırladığınız CV yenidən gündəmə gələcək.

Bəndlərin sayı arta-arta gedir, xüsusən də ‘cover letter’ və sizin haqqınızda xoş sözlər deyə biləcək adamların qeyd edilməsindən yazmaq istərdim. Amma düşünürəm ki, burada yazdığım qeydlər daha vacibləri idi və digər məsələləri özünüz də araşdırıb tapa bilərsiniz. Sonda onu deyim ki, müxtəlif məqamlarda qarşıma yüzlərlə CV çıxıb. Amma nədənsə adamın yadında daha çox pis tərtib edilmiş CV-lər qalıb. Bəlkə də onları daha çox müzakirə etmişik deyə. Amma yaxşı və ya əla CV-si olanlar sonra yadımızda deyil, yanımızda olublar. Sizin hər birinizə sizi istədiyiniz yerə götürəcək, HR-lardan keçəcək CV-lər arzulayıram!

Müəllif: İlham Ali Yusif