Dürüstlük və ya dövr o dövr deyil deyib keçmək

Dürüstlük və ya dövr o dövr deyil deyib keçmək
929

Bu günlərdə 1968-ci ildə çəkilmiş ‘Uşaqlığın Son Gecəsi’ filminə baxırdım. Baxmayaraq ki, həyatımın faktiki olaraq sadəcə ilk 4 ili sovet dövrünə təsadüf edib bu və bu kimi kinolar məndə sovet dövrünə düşüb o mühitdə yaşamaq istəyi formalaşdırır. Əslində, bir çox məsələlərdə, ən azından texnologiyanın az inkişafından dolayı insanların bir-birilərinə olan səmimi münasibətində 60-ci, 70-ci, lap elə 90-cı illər indikindən daha gözəl idi. Bu mənim subyektiv fikrimdir. Amma reallıqlara qayıdıb keçmişi yaxşı, indini pis, gələcəyi heç görməkdənsə, yaxşı olar ki, indiki dövrü düzgün qiymətləndirib gələcəyimizi yaxşı etməyi bacaraq.

Bu kinoda bir çox məqamlar var ki, həm zərbi-məsələ çevrilib, həm də haqqın haqq olmayan üzərində qalibiyyətini, pisi yaxşıdan seçməni, gənc və səmimi insanların qoca, lap elə cavan qurdlar tərəfindən yeyilməsini açıb göstərir. Əlbəttə, kinolar əksər hallarda daha pozitiv bitirlər və həyatın reallıqları ilə üst-üstə düşmürlər. Kinodan həyata qayıdıb istərdim ki, qısaca da olsa biznesdə şəffaflığın, işçilərin dürüstlüyünün bəzi vacib tərəflərinə toxunum. Düşünürəm ki, hər birimiz öz davranışlarımızda nəzər yetirməli olduğumuz bir çox məsələlər var ki, daimi biznes tərbiyəsi olmasa uçurumun kənarına çox yaxınlaşa bilərik.

Biznesdə şəffaflıq və hesabatlılıq
Biznesinizdə 5 yoxsa 5000 nəfər çalışır fərq etmir. Yetər ki, işinizin şəffaf olması üçün çalışın ki, sisteminiz şəffaflıq üzərində qurulsun. Vacib deyil ki, hər bir xırda komponentdən hər bir işçi xəbərdar olsun, yetər ki, nəzarət mexanizmləriniz hamıya aydın olsun. Müxtəlif səviyyələrdə çalışan işçilər üst səviyyədə olan menecmentin dolayı yolla gəlir əldə etməməsi, vəzifəsindən süni (son günlərin trend sözü) istifadə etməməsinin şahidi olsunlar. Şirkət elə mühit qurmalıdır ki, sadə bir nümunədə işə gələndə və işdən çıxanda təhlükəsizlik xidmətinin əməkdaşları işçiləri yoxlayanda bu onlarda qıcıq yaratmasın, əksinə hər bir işçi şəffaflıq üzərində qurulmuş prosedurların onların özləri üçün faydalı olmasına inansın. Hər bir şəxs öz məsuliyyətini sadəcə bir dəfə vəzifə təlimatında oxumamalı, həm də iş prosesində dərk etməlidir. Menecerlər hər bir iş üzrə işçilərin hesabatlı olmasına nail olmalıdır və buna onların özləri nümunə olmalıdırlar. Bahalı konsaltinq xidmətləri ilə çox ideal bir sistem qurmaq olar, amma əgər menecerlər özləri bu qaydalardan kənar çıxıb hər hansı bir məsələdə işçilərə nümunə olmasalar, fürsət düşən kimi əksər işçilər nədəsə az da olsa istifadə edəcəklər.

Hesabatlılığın burokratiya tərəfi
Hesabatlılıq sadəcə maddi resurslar üzərində deyil, eyni zamanda çox vacib bir resurs olan iş vaxtının səmərəli idarə edilməsi üzrə də olmalıdır. Kiçik və orta şirkətləri inkişafdan saxlayan əsas məqamlardan biri odur ki, rəhbər yeni inkişaf istiqamətlərini müəyyənləşdirməkdə ləngiyir və ya şirkət üçün vacib olan prioritetləri düzgün müəyyən edə bilmir. Bu da işçilərin vaxtlarını səmərəli keçirməklərinə mane olur. Rutin işlərlə günlərini keçirən işçi heyəti işin, işə proporsional olan əmək haqqının da artmaması dolayından sadəcə yeni iş yeri axtarmaqla kifayətlənmir, eyni zamanda fürsət düşdükcə iş vaxtını və resursları işdən kənar istiqamətə yönəldir. Hətta baxmayaraq ki, bəzi iş yerlərində işçilərin vaxtına nəzarət etmək üçün ‘güclü nəzarət’ mexanizmləri olan 3 dəqiqə gecikdin, gündə 8 dəfə siqaret çəkdin, işdə filankəslə söhbət etdin menecer xatırlatmaları var, bütün bunlar işçini işdən daha da soyudur və nəticədə yenə də oğurlanan şirkətin vaxtı olur.

İndi o dövr deyil
Bəli, indi 2015-ci ildir. Amma indidin özündə də qara zibil cığarasının içində 5 ulduzlu mehmanxanadan bahalı stulu zibil maşını ilə çıxaran insanlar var. Dövrün sosial-iqtisadi vəziyyəti biznes mühitinə təsir edə bilər. Bu normaldır. O da normalıdır ki, hər bir dövrdə oğurçu, yalançı və qısası axmaq insanlar olur. Lazımdır ki, iş mühitinizi bu cür insanlardan təmizləyəsiniz. Ətrafımızdakı insanlardan həm sovet, həm də indiki dövr ilə bağlı eşitdiyimiz yüzlərlə hekayə var. Hətta bəzən insanlar bu cür oğurluq, əliəyriliklərə haqq qazandırıb müdir dolandırmır deyə özlərini ağa (ağ rəngə) da çıxarırlar. Sovet dövrü heç də bu kimi məsələlərdə ideal olmayıb və bəzi insanlarda məhz o dövrdən formalaşan vərdişlərdir ki, indi də özləri və övladları hər hansı bir formada bu cür olurlar. İndi hansı dövrün olmasından asılı olmayaraq gərəkdir ki, ölkədə yaxşı biznes mühiti qurmaq istəyiriksə biznes leksikonundan ‘bir şey mi şey varmı’, ‘çak-çuk varmı’ suallarını çıxardaq.

Ətrafımızdakı insanların bizdən gözlədikləri
Söhbət sosiskada olmasa da, əslində indinin özündə də Davud kimi çoxlu insan var. Sovet dövrünün bizə buraxdığı ən böyük bəlalardan biri də insanların bazar iqtisadiyyatını tam başa düşməməsidir. Bəzən adama elə gəlir ki, insanlar işlədiyi yerin həqiqətən dövlətə deyil, onlar kimi sadə bir insana məxsus olduğunu başa düşmür, hansı ki, həmin şəxs min əziyyəti bahasına şirkətini ayağa qoya bilib. Filan yerdə işləyirsən, filankəsi ora düzəldərdin, filankəsə güzəşt edərdiniz, filan işi mənə görə bilməzsən kimi xahişləri ara-sıra ətrafdakı insanlardan eşitmək təəccüblü deyil. Deyə bilərsiniz ki, imkan daxilində bunları etmək olarsa, burada qeyri-adi nə var ki?! Bəli, razıyam ki, ABŞ-ın özündə də tövsiyyə ilə işə düzəlmə ehtimalı daha çoxdur və şəxsi əlaqələr satışın qalxmasına hər yerdə kömək edir. Amma gəlin etiraf edək ki, bizdə edilən xahişlər bir çox hallarda yuxarıda təriflədiyim şirkətin prinsiplərindən çıxmağa və şəxsi maraqlarımızı ortaya qoymağa yönəlidir.

Səhvləri vaxtında etiraf edə bilmək
Nə qədər vicdanlıyıq və işimizə nə qədər məsuliyyətliyik bunu özümüzün qiymətləndirməsi o qədər də asan deyil. Yaşımızdan, işlədiyimiz şirkətin mühitindən, dövrün tələblərindən asılı olaraq hər birimizin düzgünlük prinsipimizdən kənara çıxma ehtimalı var. Bəzən də çıxırıq. İndi baxır eqomuza ki, bunu nə dərəcə etiraf edə bilirik. Yenə qayıdaq şirkətin hesabatlılığına. Şirkətdə ən yüksək vəzifəni tutan insan səhv edərsə qınanıla bilinməsini anlamalı və səhv edərkən də sadəcə öz eqosunu önə qoyub özünü hamıdan düzgün görməməlidir. Hamımız səhv edirik, bəzən heç bilmədən şirkətin prosedurlarından da kənara çıxırıq. Ona görə də tövsiyyə olunandır ki, səhv edəndə də onu etiraf etməkdən çəkinməyək. Məhz səhvlərin etiraf edilməsi insanlarda sizin dürüstlüyünüzə inamı artırır.

İstənilən halda insanın başının uca olmasında dürüstlük çox vacibdir. Biz nə qədər istəsək də maksimum düzgün və dəqiq olmaq çətindir və belə ola bilən insanların sayı çox azdır. Odur ki, şirkətlər şəffaflığın və işçilərin resursları səmərəli istifadəsinə yönəli hesabatlılıq mühitini və prosedurları yaratmalı, eyni zamanda ədalətli maaş və qiymətləndirmə mexanizmləri yaradıb, ən əsası onları tətbiq etməyi bacarmalıdır ki, istənilən bir dövrdə hər bir işçi ətrafındakıların ondan nələri gözləməsindən asılı olmayaraq işinə və öhdəliklərinə məsuliyyətli yanaşsın, hətta səhvlər belə edəndə onları etiraf etməkdən çəkinməsin.

Müəllif: İlham Ali Yusif