Dini dar olmayaq!

Dini dar olmayaq!
900

Müsəlman dünyasının 2 böyük bayramından birini, hətta birincisini qeyd etməkdəyik. Bu münasibətlə özünə müsəlman deyən, özünü müsəlman sayan hər bir kəsi təbrik edirəm! Qoy Allah hər zaman hamımıza rəhm etsin!

Yazıçı Kəramət Böyükçölün Elşad Miri ilə müsahibəsini oxudum. Doğrusu, çox xoşuma gəldi. Ən xoşuma gələn fikir isə Elşad Mirinin “…dini dar olan dindarlar İslamı VII əsrə məhkum eləyirlər…” ifadəsi oldu. Necə də, düzgün fikirdir.

Müsahibəni oxuyanlar içində razılaşmayanlar da olacaq. Bu, təbiidir. Hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Lakin bu müsahibəni bəhanə edərək öz fikirlərimi yığcamlaşdırıb sizlərlə paylaşmaq istərdim. Hər şeydən öncə onu bildirim ki, uşaqlığım dinin güclü olduğu (eyni zamanda, nə qədər qəribə olsa da, dünyəviliyin də güclü olduğu) bir bölgədə keçib. Gözümü açandan ətrafımdakıları oruc tutan, namaz qılan (ya da araq vuran) görmüşəm. Belə paradoksal mühitdə böyümüşəm. Lap uşaqlıqdan oruc tutmuşam. Öz istəyimlə! Heç kim mənə nə tut, nə də tutma deməyib. Ana tərəfdən babam bütün ömrü boyu namaz qılıb oruc tutan adam olub. Dayılarım isə içən. Babam onları içdiklərinə görə vaxtaşırı danlayardı. Lakin heç vaxt heç birini, ümumiyyətlə heç kəsi namaz qılması üçün təzyiqə məruz qoymurdu. Deyərdi bu, hər kəsin seçimidir. Özləri dərk eləməlidirrlər. Qəbul edən Allahdır. Namaz Allah qarşısında borcdur. Nə qədər qılsan o qədər borcun azalmış olar. Qılmasan da, borcu üst-üstə yığmış olarsan.

Bunu niyə deyirəm?! Ona görə ki, çox görmüşəm dünən butulkanın dibindən çıxıb bu gün hamıya namaz qıldırmağa çalışanları. Balam, hər kəs yaşam tərzini özü seçir. Nəyinə lazım axı?! Savab da onundur, günah da.

Ya da kiril əlifbası ilə Quran ayələrini əzbərləyib mollalıq edən, oxuduğunu da anlamayan biri mənə nə iman, nə islam verəcək ki?

Bəziləri isə gedib məscidlərdə kimisə dinləyir, sonra gəlir hamıya ağıl-baş verir. Biri sünnünü, biri şiəni, biri vahhabini, biri nurçunu, biri xəlvətini, biri xaricini, biri də nə bilim kimi haq sayır, haqlı sayır. Qalana da yanlış və ya kafir deyir. Balam, nə bilirsən axı? Adam özünü müsəlman sayır. Bəs bilmirsən ki, bir müsəlman digərini kafir adlandırırsa, dindən çıxmış sayılır? Ona görə də, nəyi doğru bilirsənsə, inan. Başqalarına da qarışma! Bir də, inandığının da məntiqinə var, elə inan! Dini Allahın kitabından – Qurandan öyrən! Kimlərinsə təlimlərindən, moizələrindən, kitablarından yox!

Bəs din nədir? Din hakim təbəqə üçün insanları idarəetmə vasitəsidir. Din kütlə üçün könüllü idarə olunma vasitəsidir. Mənim üçünsə din vicdandır. Vicdanın yoxsa, etdiklərin ətrafdakılara ziyan verirsə, insanların haqlarını tapdayırsansa sənin tutduğun oruc da, qıldığın namaz da mexaniki hərəkətlər toplusundan başqa bir şey deyil.

Məktəb illərində oxuduğum kiçik bir hekayəni sizinlə paylaşmaq istərdim:

“Deməli, imkanlı bir kişinin bir gözəl qızı olur. Qız kasıb bir oğlana vurulur. Oğlanla qız bir-birini sevir və gizli-gizli görüşürlər. Atası qızını kasıba vermək istəmir. Lakin mane də ola bilmir. Axırda çarəsiz qızı göndərir dağ başındakı balaca kənddə yaşayan abid (güşənişin dindar – tək yaşayıb ömrünü ibadətə vermiş adam) əmisinin yanına ki, bəlkə uzaqlaşa, fikri dəyişə. Əlqərəz, qız kəndə gəlir. Bir müddət sonra oğlan bunları kənddə tapır. Abid ibadət edən vaxt gəlir qızla görüşür. Kişi ibadətini qurtana yaxın qaçıb gedir.

Oğlan gedəndən sonra qız soruşur:

  • Əmi, sən bizi görürdün?
  • Əlbəttə görürdüm, kor-zad deyiləm ki?
  • Əmi, onda sən həqiqi Allah aşiqi deyilsən. Yalançı abidsən! Əsl Allah aşiqi olsaydın, gözün yalnız sevdiyini, yəni Allahı görərdi. Məsələn, sevgilim yanımda olanda mən ondan başqa heç kimi görmürəm.

Abid heç nə deyə bilmir. Qızı da götürüb şəhərə qayıdır və qardaşını razı salır ki, qızı oğlana versin.”

Bax belə! Ona görə də göstərmək üçün dinlə, xeyriyyə ilə, elmlə məşğul olmaq lazımsız bir işdir. Bunu edən ilk növbədə ətrafdakılara zərər vurur. Gec-tez isə özü də yanır… Çalışaq öncə imana gələk, sonra islama. Bu arada imanın və islamın şərtlərini də oxumayanlar oxusun. Nə demək istədiyimi daha yaxşı anlayarlar…
Bir daha bayramınız qutlu, sabahınız umutlu olsun!

Mənbə: http://www.namigbay.com