Çox zaman gündəlik və iş həyatımızdakı problemlərimizi çətinləşdiririk. Sadə həlli olan, necə deyərlər kiçik bir ‘action’ tələb edən məsələlər haqqında saatlarla düşünüb hərəkətə keçmirik. Həm də hansısa mövzularda özümüzü göstərə bilmək, bir söz demək üçün özümüzə dəxli olan-olmayan bir çox məsələləri öyrənib həyatımızı daha da qəlizləşdiririk. Bu azmış kimi, konfranslar, böyük həngamələr təşkil edib sadə məsələləri günlərlə müzakirə edirik.
Əslində isə həyatda bir çox fundamental məsələlər var ki, onları düşünüb həyatımızı çox sadələşdirə bilərik. Bu məsələlər haqqında hər birimiz məlumatlıyıq. Sadəcə özümə və sizə xatırlatma kimi ara-sıra bundan sonra istərdim ki, uzun fikirlərim olanda Facebook-dan, qısa fikirlərim olanda isə o qədər də aktiv olmadığım Twitter hesabımdan bir çox bəsit məsələlər haqqında car çəkim. İndi ağlıma gələn bir neçə fikri isə bu kampaniya çərçivəsində məhz ilk dəfə burada sizinlə paylaşıram :)
Yazdıqlarım və yazacağım fikirlər qətiyyən mənə aid aforizmlər filan deyil. Əminəm ki, bu fikirlərdən bir çoxuna hardasa rast gəlmisiniz. Bir çox bəsitlərlə gələcəkdə hətta razı olmayacaqsız. Buradakı fikirlər bəzən öz dediklərimizi də inkar edə biləcək. Amma təcrübə göstərir ki, problemi həll etmək, yaradıcı olmaq, uğur qazanmaq məhz sadə və obyektiv yanaşma sayəsində olur.
Sözümün canı odur ki, kütləvi təbliğatlar, şüuraltı fikirlərimiz, qayğılarımız, eyni anda bir neçə iş ilə məşğul olmağımız bizi də kütləviləşdirir və bir çox sadə məsələyə hər şeyi çətin görən gözlərimizlə baxırıq. Yenidən uşaq ola bilmə şansımızın az olduğunu düşünərək, heç olmasa müdrik gözlərə sahib olmağı hər birimizə arzulayıram.
Müəllif : İlham Yusifov
Mənbə: http://ilhamaliyusif.com/