Bu gün başıma gələn hadisə və anti-aqresiya marketinqi

Bu gün başıma gələn hadisə və anti-aqresiya marketinqi
1029

Kriminal azlı-çoxlu hər cəmiyyətdə var. Bəzi cəmiyyətlər inkişaf edib müxtəlif cinayətləri təhlil edib faizi azaltmağa nail olduqları vaxt, tək Azərbaycan üçün deyil, bütün dünya üçün sülh, əminamanlıq, ədalət istəyən bir insan kimi bu gün başıma gələn hadisədən bir daha başa düşdüm ki, ölkəmizdə sosial-iqtisadi vəziyyətdən və digər səbəblərdən aqressiv insanların sayı artır.

Öz başıma gələn hadisə haqqında yazmamışdan öncə bu gün səhər eşitdiyim və çox üzüldüyüm jurnalist ölümü haqqında onu deyim ki, o jurnalist də aqressiv və dəyərsiz insanların qurbanı oldu. Dəfələrlə şahidi oluruq ki, ‘protiv’ getməyi xoşlayan kütlə döyülən, əzilən, öldürülən tərəfə daş atmaqda daha da peşəkarlaşır. Bu çox qəribədir deyilmi? Bu kütlə özünü ədalət çarçısı göstərib yazılmamış ədəbsiz küçə qaydalarını həm dünyəvi, həm də dini prinsiplərdən üstün tuturlar. Dini deyərkən, ən azından xalqımızın əksəriyyətinin Allah inancında səmimi olduğuna inanıram. Bu inanca da sahib olmağın əsaslarından birini ədalətli olmaq kimi qəbul edirəm. Az öncə başıma gələn hadisə yumşaq yox, ciddi bir məsələ olsaydı, təbii ki bu yazını yaza bilməyəcəkdim və bu kütlə də ən yaxşı halda yazacaqdı ki, düz ediblər öldürüblər, yol gedəndə gözü yumulu getsin.

Hansı dövrdə yaşayırıq
Girişdən təxmin etdiniz yəqin başıma gələn hadisəni. Nizami metrosu yaxınlığında şəhərin mərkəzində gündüzün günorta vaxtı 18 nömrəli məktəbin arxasında bazar günü istirahətinin keyfini çıxardıb oxuduğum kitab haqqında fikirləşə-fikirləşə gedəndə bir neçə metr qabaqda bir şəxsin salafan torbanı maşının baqajından kənara atdığını gördüm. Salafan çox uzağa getdi və fikrim yayıldı ki, görəsən boş salafan necə belə uzağa getdi. Bu hadisə tam qarşımda dar yolda kiçik göz bucağı ilə baş verdiyindən az sonra başa düşdüm ki, salafanın içində partlamış futbol topu var idi. Bəzi detalları uzunçuluq olmasın deyə qeyd etmirəm, əslində elə önəmli detallar da deyil.

Yoluma davam edirdim ki, 10 metr getdikdən sonra arxadan ‘nə baxırsan?’ sualını eşitdim. Avtomatik olaraq mən də ‘öz gözümdü özüm bilərəm’ cavabını verdim və geri çöndüm. Dəliqanlı bu şəxs üstümə doğru gəldi (vaxtında kriminal qəzetlərini oxusaydım, daha təsirli yazardım) və mən də təbii ona tərəf getdim. Aramızda qısa, çətin və aqressiv dialoq oldu. Şokda idim filan yazmayacağam. Ağlım başımda idi, jurnalist ölümünü də xatırladım. Həmin insanı belə qəhrəmanlaşdırmıram. Sadəcə çox qəzəbli və əsəbi idi, əgər məsələ fiziki dava-dalaşa da keçsəydi bir-birimizə ən azı yüngül xəsarət törədə bilərdik. Ən azından əminəm ki, mənim kimi bütün oğlanların başına belə söhbətlər ara-sıra gəlir. Bunu da anlayıb özüm soyuqqanlı oldum.

Bunun marketinqə nə aidiyyatı?
Marketinq tək kommunikasiya deyil. Marketinq həm dövlət, həm də özəl sektor üçün idarəetmə və biznes strategiyasının əsasını təşkil edir. Məsələn, Papa John’s öz şəbəkəsini genişləndirib Əcəmi metrosunun yanında yeni kafe açır ki, o zonada yaşayanlara çevik pizza çatdırsın, illərdir İzmir Parkının yanında olan Yanğın söndürmə qarajı bağlanır ki, o zonada yanğın olanda… nə isə. Yəni marketoloq dostlarımız onun bütün funksiyalarının faydalarından xəbərdardılar. Xoşdur ki, Yol Polisi müasir İT imkanlarını sürücülərə təqdim edir, amma pis odur ki, şəhərin içində səhv etmədikdə belə DYP əməkdaşları sürücüləri saxlayır. Nəticədə sürücülər aqressivləşir.

Orta sinif brend mağazasında endirim olur, personal acıqlı-acıqlı müştərilərlə danışır. Müasir həyat tərzi və rahatlıq konsepti ilə bina tikilir, sonra məlum olur ki, binada qaz yoxdur. Supermarket ekpress kassa yazıb iri-iri zənbilli insanlara da xidmət edir, əlində 0.5 litr su 5 dəqiqə gözləyirsən. Belə yüzlərlə misal var. Problem isə sadədir. Şirkətlər, brendlər konsept yaradıb onu tam olaraq əməl etmirlər. Siyasi motivlərə bilərəkdən toxunmuram. Onların da təsiri az deyil. Amma əgər marketinq fəaliyyətini düzgün tətbiq etsək, biznes və idarəetmə öhdəlikləri olaraq korporativ sosial məsuliyyət məsələlərinə biganə yanaşmasaq cəmiyyət daha belə səviyyəyə çatmaz.

PR bəs hansı günə lazımdır?
PR-ın imkanlarından az-çox xəbəri olan insan onun effektivliyini çox yaxşı başa düşür. Az öncə Qəbələ futbol klubunun rəhbərliyinin Cavid Hüseynov ilə bağlı qərarını oxudum. Çox yerində olan bir qərardır. Bunun özü sadəcə azarkeşlərə düşünülmüş PR deyil. Bu həm də bu kimi insanları da az da olsa gələcəkdə durduracaq bir qərardır. Məsuliyyət məsələsidir. Pərdəarxası nə baş verir tam dəqiq bilmirik. Amma o məlumdur ki, özbaşnalıq və səlahiyyətdən sui-istifadə mütləq olaraq cəzasını almalıdır.

Bunu da lazım gələndə ictimaiyyətə çatdırmaq lazımdır. Bu cür keyslər dərsliklərə salınmalı, müzakirələr olunmalıdır. O qədər şirkətlər və özünə super brend deyən brendlər var ki, dedikləri və etdikləri bir-birinin üstünə düşmür. Marketinq nə qədər səmimi olsa və bizneslər qazandıqlarının az bir hissəsini də olsa cəmiyyətin inkişafına xərcləsə və etdikləri hər bir işi ucuz reklam üçün deyil təbliğat məqsədi ilə cəmiyyətlə kommunikasiyasını həyata keçirsə insanlar bundan daha az aqressiv olar.

Allah jurnalistimizə rəhmət etsin və bizləri mərdi-məzardan qorusun!

Müəllif: İlham Yusifov

Mənbə: http://ilhamaliyusif.com