Məzuniyyət üçün planlaşdırdığım bir neçə kitab var idi. Amma bir kitab qəflətən gəlib bu siyahıya özünü saldı. Necə, hansı şəraitdə az sonra. İndiyə qədər oxuduğum ən maraqsız kitablardan biri olsa da öncədən də düşündüyüm kimi mənə çox faydalı oldu. Həyat da onsuzda belədir, maraqsız və dadsız o qədər şey var ki, insana fayda verir. Elə istəyirəm ki, burada bu kitabdan çıxardığım bir neçə nəticəni sizlərlə paylaşım.
Əvvəlcə isə soruşun kitabla necə tanış oldum?
Məzuniyyətin bir hissəsini Türkiyədə oldum. Nə gizlədim hara getsəm düşürəm mağazaların, marketlərin canına ki, görüm maraqlı və yeni nələr var. Macro Center-də kitab satılan yerdə maraq üçün kitabların adlarına baxırdım. Bir kitab adı və üzlüyü ilə diqqətimi çəkdi. Arxasını çevirib qısa annotasiyasını oxuyanda, ‘Tabletlerin, akıllı telefonların olmadığı 90’lar… Belki de çocukların “çocuk”olduğu, “çocuk gibi” oynadığı son yıllar…’, düşündüm ki, bu kitabı oxuyub bir neçə saatlıq uşaqlıq illərinə qayıtmaq əla olardı. Yəni əslində ilk oxumaq motivasiyam uşaqlığa səyahət idi. Kitabı isə almadım. Elə marketdəcə qəzet oxumaq üçün ayrılan güşədə 3-4 nəfəsə oxuyub tamamladım.
Kitabı almadın almadın, bəs maraqsız niyə deyirsən?
Baxmayaraq ki, kitab İstanbulun 90-cı illərinin əvvəlini təsvir edir, xeyli məqamı 90-cı illərdə mən Mingəçevirdə də yaşamışam. Bu məqamların öz yeri var idi. Amma ümumi götürəndə kitab elə təsirli deyildi və bəlkə də müəllifin də ilk kitabı olduğundan axıcı da deyildi. Sujet xətti isə çox sadə idi. Deyə bilərsiniz, marketdə oxumusan deyə yəqin elə olub, yox əzizim, Bakıda çıxıb parkda kitab oxuyanda səs-küy mənim orada oxuduğum şəraitdəkindən daha çox olur.
Sözünün canı
Kitabda 9 yaşında bir uşağın ‘banda’ qurmaq, məhlədəki digər bandanın böyüyünü ‘məhv etmək’, pul qazanmaq, biznes qurmaq motivasiyası təsvir olunur. Düzdür sonda uşaq qayıdır elmə-təhsilə. Kitabı oxuduqca isə sanki bəzi bizneslər və biznesmenlərin taleyini görürdüm. Bir neçə bənd üzrə göstərəcəyəm necə:
Uşaq olmaq həm də saf olmaq deməkdir. Yaxşı bilirik ki, yuxarıdakı kimi uşaqlar elə çox deyil. Əslində isə məhz bəzi məqamlarda saqqallı uşaq olmaq çox yaxşıdır. Xüsusən də qazanmak istəyi, risk etmək baxımından. Böyüdükcə problemləri də böyüdürük. Amma təəssüf ki, bu gün tək Azərbaycanda deyil, bir çox ölkələrdə xarizma, eqo adı ilə uşaq düşüncəli ‘liderlər’, ‘menecerlər’ var ki, fəaliyyətləri ilə nə qədər insana, bizneslərə ziyan vururlar.
Müəllif: İlham Yusif
Mənbə: http://ilhamaliyusif.com