Portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 7000 km-ə yaxın məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan, daha öncə Yay və Qış Olimpiadalarını qəbul edən Pekin, London və Soçi şəhərlərinə də səfərlər təşkil edən "Pedalinac" velosiped klubunun 5 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.
Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Portuqaliya Milli Olimpiya Komitəsi və Azərbaycanın Xorvatiyadakı səfirliyinin birgə təşəbbüsü əsasında baş tutan bu yürüş zamanı velosipedçilər səfər etdikləri ölkələrdə Bakı-2015-in təbliği ilə məşğul olaraq, yerli əhaliyə Avropa Oyunları barədə məlumat veriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin müşayəti ilə paytaxta daxil olan səfər iştirakçıları Dövlət Bayrağı Meydanında qarşılanıb.
Azərbaycanda gördüklərindən heyran olduğunu gizlətməyən portuqaliyalı Jorge Kristovao qarşılanma mərasimindən çox təsirləndiyini deyib: "Bizi bu cür qəbul etməyiniz həqiqətən də çox xoş oldu. Azərbaycanın Avropa Oyunlarını qəbul edəcəyini bildikdən sonra belə bir qərar qəbul etdim ki, Portuqaliyadan Azərbaycana velosipedlə səyahətə çıxım və özünü Avropa Oyunlarının açılışına çatdırım. Eşitdiklərim və ən əsası gördüklərim məni bir daha əmin etdi ki, ölkəniz bu yarışı ən yüksək səviyyədə təşkil edəcək. Bizə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Velosiped İdmanı Federasiyasına dərin təşəkkürümü bildirirəm".
Xorvatiyanın "Pedalinac" velosiped klubunun rəhbəri Mladen Qaçeşa isə ölkəmizdə gördüyü qonaqpərvərliyə heyran olduğunu deyib: "Belə qarşılanmanı heç gözləmirdim. Çox səyahətə çıxmışam, çox ölkədə olmuşam, amma bu cür qonaqpərvərliyi heç yerdə görməmişəm. Olduğumuz rayonlarda hamı bizə yaxınlaşır, səyahətimiz haqda maraqlanırdı. Özümüzü sanki nağıllar aləmində hiss edirik. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən bizim üçün təşkil olunmuş qarşılanma, yolboyu müşaiyət və ölkənizdə yaşadığımız xoşbəxt dəqiqələrə görə sizə dərin minnətdarlığımızı bildiririk".
Mənbə: http://www.buro247.az/lifestyle/bak-2015/biz-sanki-na-llar-al-mind-yik-fotolar.html