Bakıda VI “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək

Fonddan AZƏRTAC-a bildiriblər ki, İçərişəhərdə təşkil olunacaq ənənəvi festivalda 17 ölkədən 27 rəssam iştirak edəcək. "Qız qalası" Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu nadir işlər dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.

Daim incəsənətin sərhədlərini genişləndirən "Qız qalası" festivalı çərçivəsində bu il rəssamlara, həmçinin "Bakı-2015" birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran heykəllərini də rəngləmək təklif olunacaq.

Mənbə: http://www.buro247.az