Azərbaycanda böhran dövründə radio və internet

Bildiyiniz kimi bu ərəfələr böhran marketinqi üzrə araşdırmalar edirəm. Allahın köməkliyi ilə bu istiqamətdə kitab hazırlamağı düşünürük. O səbəbdən bloqumda da hissə-hissə bu haqda bəzi məlumatları Sizlə paylaşacam.

Bu gün böhran dövrü marketinq kommunikasiyalarını araşdırarkən çox maraqlı bir fakta rast gəldim. Deməli, qonşu Rusiyada internet öz yerində, amma radio reklam növü kimi digər sektorlardan ən az düşüş yaşayan kommunikasiya kanalı olub. Hətta 2009-cu il Rusiya böhranı ilə müqayisədə indi daha yaxşı vəziyyətdədir. Bilirsiniz ki, Rusiya bazarı ilə Azərbaycan bazarı iqtisadi cəhətdən bir-biri ilə bağlıdır, oxşar tərəfləri çoxdur. Ona görə də o bazarda baş verənlər bizim bazara çox hallarda analoji təsir edir. Paralel olaraq bizim bazarda da nələrin necə olacağını təhlil edəcəyik. Bu arada bildirim ki, Rusiya bazarı ilə bağlı kifayət qədər dəqiq araşdırma nəticələri olduğu halda heyf ki, bizim bazar haqqında bunları söyləmək mümkün deyil. Ona görə də nə qədər dəqiq olduğumuz da təbii ki, sual altındadır. Gəlin indi bir-bir baxaq görək Rusiyanın indiki dövründə hansı kommunikasiya kanalı özünü necə aparıb?

2015-ci ilin iki kvartalının yekunlarına görə qonşu Rusiyada radio reklam keçən ilin eyni dövrü ilə müqayisədə 18% düşüb. Pul ekvivalənti ilə bu rəqəm – 145 milyon manat civarındadır. Halbuki eyni dövr üçün Rusiyada televiziya -22%, çöl reklamları -27%, çap məhsulları bazarı isə -33 düşüş yaşayıb.

 

2009-cu il böhranında Rusiyada reklam bazarı -27% düşmüşdüsə, bu ilin iki rübünün nəticələrinə görə bu rəqəm -16%-dir. Radio reklam isə 2009-cu ildə -37% düşüş yaşamışdı. Yeganə artım göstərən kanal isə +10% nəticə ilə internetdir. Digər maraqlı statistika isə reklamverənlərlə bağlıdır. Ən çox reklam verənlər bu il radio reklam büdcələrini 10% civarı azaldıblarsa, daha az reklam verənlər minimum -25% radio reklam büdcələrini azaldıblar. Bu da onu bir daha sübut edir ki, kriz dövründə şirkətlərdə ələnmə gedir ki, bu digər tərəfdən bazara həm də müsbət təsir göstərə bilir. Məsələn, bu böhranda Azərbaycanda media bazarını kifayət qədər qarışıq vəziyyətə salan, hardasa ˝çirkləndirən˝ bir çox oyunçular bazardan çıxmaqla vəziyyəti yaxşılığa doğru dəyişməyə xidmət edə bilər. Bu həmçinin reklamverənlərə də aiddir. Nisbətən orta və böyük bizneslər üçün isə böhrandan effektiv istifadə edərsə, onu rahatlıqla fürsətə çevirmə imkanı var, çünki yerdə qalanlar çəkilmiş vəziyyətdədirlər və nəsə edən daha aydın görünməyə, xatırlanmağa başlayır.

Bəs bizdə internet və radio reklam bazarında vəziyyət necədir?!

Əvvəla onu qeyd edim ki, böhran dövründə Rusiyada insanlar kütləvi şəkildə pullarını daşınmaz əmlak və yatırımlara xərclədilərsə, bizdə əksinə kütləvi dollarlaşma prosesi getdi. Bunun da nəticəsində əmlak bazarı da Azərbaycanda dayanmış vəziyyətə çatdı. Parallel olaraq əmlak və tikinti reklamları da bütün media resurslarda azalıb və bundan sonra da yəqin ki, azalmağa doğru gedəcək. Azərbaycanda 11 radio kanal var ki, bunlardan yalnız 90fm (İctimai radio) dövlət kanalıdır, qalanları özəl radio kanallardır. Radio reklam özünün ən pik dövrünü 2010-2011-ci ildə +48%-lik reklam büdcəsi artımı ilə göstərib. (mənbə; Havas Media)

Radio üzrə bəzi statistik göstəricilər isə aşağıdakı kimidir. (Mənbə; AGB, TGİ, Havas Media)
Reklamverənlərin kateqoriyalarına görə müqayisə:

Təhlil:

Radio reklam bazarı əgər 2014-cü ilin yanvar – avqust aylarında 24.7 milyon manatlıq prays qiyməti ilə dövriyyə etmişdisə, 2015-ci ilin eyni dövründə bu rəqəm 21.2 milyon manat olub. Azalma hardasa – 14.3% olub. Aşağıda detallı müqayisəni radio kanallar üzrə ayrıca da görə bilərsiniz. Media üzrə məlumatları əldə etməkdə köməklik göstərdiyinə görə Sabit Məmmədova xüsusi təşəkkür edərək keçək statistikaya:

 

Gördüyünüz kimi ümumi fonda pul etibarilə -14%-lik azalma müşahidə olunub. Kanallar üzrə götürdükdə isə 102, 103, Radio ArazAvto Fm əksinə bu il daha çox büdcə cəlb edə bilib. Digər radio kanallar isə düşüş yaşayıb.

2014-cü ilin yanvar-avqust aylarında tv-lərimiz prays qiyməti ilə 24 milyon manat, 2015-ci ilin eyni dövründə isə 21 milyon manat cəlb edə bilib. Təxmini götürsək, 2014-cü ildə radio reklam bazarı endirimlərdən sonra 7.4 milyon manat, 2015-ci ildə isə net 4.2 milyon manat reklam büdcəsi cəlb edilib. Bu isə ümumi fonda net dövriyyə baxımından -43% düşüş deməkdir.

Müqayisə üçün televiziyalarımızdakı vəziyyəti də bilmək maraqlı olardı. Aşağıdakı cədvələ diqqət edək.

 

Media üzrə ekspert Sabit Məmmədovla bu barədə söhbət edərkən bildirdi ki, indiki şəraitdə televiziyalar radiolara nisbətən daha çox qiymət siyasətlərində elastiklik edərək azaltdıqlarına görə radioya nisbətən daha aşağı düşüş yaşayıblar. Yuxarıda gördüyümüz kimi bu rəqəm tv-də -21%-dirsə, radioda -43% olub. Amma bir məsələni də xüsusi vurğuladı ki, televiziya kanalı da olan radiolar digərləri ilə müqayisədə daha müsbət nəticə göstəriblər. Çünki qiymət və inkişaf siyasəti oxşar olub. Yuxarıda həm tv, həm radio kanallarımızın hansının enmə, hansının qalxma dövrünü yaşadığı da aydın görünür. Qısası ekspertimizin sözlərindən belə başa düşdüm ki, kriz dönəmində inkişaf üçün siyasətə dəyişiklik etmək vacibdir. Bu həm qiymətin aşağı düşməsində, həm də kanalın keyfiyyətinin artmasında özünü göstərməlidir. Hansı kanallar ki, nisbətən daha tez durumu anlayıb və reaksiya veribsə, nisbətən nəticə əldə ediblər, bunu da yuxarıdakı tv və radio cədvəldə aydın görürük.

Rusiya bazarında -18% nəticə göstərən radio bizdə -43% nəticə göstərirsə, demək ki, radio kanallarımız ən birinci verilişlərinin keyfiyyətinə və professionallığa ciddi fikir verməlidirlər.

İnternet bazarında isə vəziyyət təxmini aşağıdakı kimidir;

İnternet bazarında bildiyiniz kimi Azərbaycanda 60%-dən çox yayılma (penetration) var. İnternetdə ən çox izlənilən isə video və axtarış üzrə kontentlərdir. (40-50%). Təxmini 10 sayt var ki, aylıq unikal 1 milyon ziyarətçi sayını keçə bilir. İnternet istifadəçilərinin 40%-ə qədəri mobil telefon və planşetlər vasitəsilə internetdən istifadə edir.

Bazarın ən böyük internet satış evlərindən olan New-Media şirkətinin rəhbəri Rasim Davudova da analoji sualla müraciət etdim. Bildirdi ki, internet üzrə təxmini +8%-lik artma müşahidə olunub. Lakin burada facebook və google üzrə ödəmələr dəqiq olaraq bilinmədiyinə görə rəqəmlər daha yüksək ola bilər. Demək ki, rusiya bazarında olduğu kimi bizim bazarda da böhran dövründə digər media resurslarına nisbətlə internet daha yaxşı nəticə göstərib.

Sonda bir daha xatırladaq ki, media bazarı böhran dövründə əsasən orta və böyük reklamverənlərin hesabına ayaqda qala bilir. Onların da içərisində müsbət dinamikanı internet daha çox göstərir. İkinci sıraya isə radio reklamı qoymaq olar. Artıq yeni mövsümə giririk. Media bazarının özünü necə aparacağı, hansı tendensiyaların müşahidə olunacağını birlikdə görəcəyik. Əsas da odur ki, indi həm reklamverənlər, həm də reklam kanalları işlərinə daha ciddi yanaşıb, “suyu üfürə-üfürə” içməlidirlər ki, ən pis halda “suyun üzündə qala bilsinlər”. Bunu bacaranlar böhranı da rahat yola sala biləcəklər.

Müəllif: Rafiq Vəliyev 

Mənbə: http://marketermeherrem.com