Araşdırma layihəsinin hazırlanması

Araşdırma layihəsinin hazırlanması
1485

Müəssisələrin araşdırma fəaliyyətəri layihələr formasında həyata keçirilir. Yəni, araşdırma fəaliyyəti də müəyyən vaxt dilimində icra olunur. Araşdırma layihəsi də normal layihələrin tələb etdiyi ardıcıllığı və dəqiqliyi fərqli işlər üzrə əhatə edir. Burada sizinlə araşdırma layihəsinin hazırlanmasını, bilik və təcrübəmə müraciət edərək, bölüşmək istəyirəm.

Öncə, bildiyimiz kimi bütün layihələrdə əsas üç məqam var: Vaxt, İnsan və Pul. Araşdırma layihəsində də bu üç amil dəqiq və münasib təyin edilməlidir. Əks halda, keyfiyyətsiz və yaxud da, israfçı nəticələr ilə layihəni bitirmiş olarsınız.

Gələk layihənin qurulmasına…

İlk əvvəl layihənin brifi hazırlanmalı və ya əldə edilməlidir. Brif araşdırmada özünü ehtiva edəcək mövzunun izahıdır. Yəni, bu araşdırmada nəyə, hansı məqsədlə ehtiyac var. Araşdırmanın məqsədi hansı mövzuların ortaya çıxarılmasını və buna nə üçün ehtiyac duyulduğunu tələb edir. Bu məsələ araşdırmanın özəyini təşkil edəcək. Araşdırma anketlərinin və sahə işi çalışanlarının, habelə araşdırmanın nümunəsinin (sample) təyin edilməsində istifadə olunacaqdır. Yadda saxlamaq lazımdır ki, əksik və ya səhv brif araşdırmanın da tamamilə yanlış məcrada irəliləməsinə gətirib çıxaracaqdır.

Brif əldə edildikdən sonra araşdırmanın mövzusu öyrənilir və nümunə (sample) hesablanır. Nümunə, araşdırmanın keçiriləcəyi təmsiledici hədəf kütlədir. Yəni, (araşdırma mövzu ilə əlaqədar bütün şəxslərlə keçirilməsi bahalı, çox vaxt alan və mümkünsüz olduğu üçün) nəticələrin bütün ana kütləyə (mövzu ilə əlaqədar bütün şəxslər – şirkətlər üçün istehlakçı) müəyyən xəta payı (±1% və ya ±5%) çərçivəsində şamil etməyə imkan verəcək respondent sayıdır. Loru dildə desəm, bir rəqəm seçirik, həmin sayda respondent (sorğu keçiriləcək insana deyilir) ilə sorğu keçiririk və alınan nəticələri bütün istehlakçılara aid edirik. Qəribə görünsə də, statistika elmi bunu mümkün edir.

Sonra araşdırma planı hazırlanır. Bu plan bizim araşdırma zamanı görəcəyimiz bütün işləri müəyyən vaxt dilimləri üzrə bölgüsüdür. Yəni, araşdırma çərçivəsində edəcəyimiz işləri hansı vaxt aralığında və nə vaxt yerin yetirəcəyiksə, onu təyin edirik. Araşdırma planını hazırlayan zaman olduqca diqqətli olmaq və görülməli olan işləri yaddan çıxarmamaq və bu plana daxil etmək lazımdır. Əks halda, söz verdiyiniz vaxtda işi tamamlamaq mümkün olmayacaq. Araşdırma planına daxil olan işləri adətən belə sıralamaq olar:

  • Anketlərin hazırlanması;
  • Sorğu materiallarının çapı;
  • Sahə işi, supervayzer, yoxlama və “data kodinq” əməkdaşlarına təlimin keçilməsi;
  • Pilot testin edilməsi;
  • Sahə işinin həyata keçirilməsi;
  • Anektlərin yoxlanılması və kodlanması;
  • Nəticələrin SPSS və yaxud da digər statistika proqramlarına daxil edilməsi;
  • Nəticələrin hesablanması və analizi;
  • Hesabatın hazırlanması;

Planda araşdırmanın tələbinə uyğun olaraq digər fəaliyyətləri də daxil etmək olar, baxır sizə. Araşdırma anketinin hazırlanması ilə bağlı sizinlə danışmışam. İnanmırsınızsa, linkə baxın.

Araşdırmanın ən çox yoran hissəsi təlimlərdir. Özünüz hazırladığınız sorğu anketlərini və araşdırmanın keçirilmə qaydasını aidiyyəti şəxslərə izah etməlisiniz. Ona görə ki, anketlər müxtəlif formalarda hazırlana bilər, oradakı suallar hər kəsə aydın olmaya bilər. Və bunu layihə rəhbəri kimi anlatmağa borclusunuz. Bundan əlavə, əməkdaşlara araşdırma ədəbi aşılanmalıdır. Sonra yanlış nəticələrə gəlməyəsiniz deyə. Təlim zamanı bütün sualların üstündə bir-bir keçilir və qaranlıq məqamın qalmamasına çalışılır. Hətta, sonda iştirakçıların bir-birləri ilə sorğu keçirmələrini təşkil edin və kimin nəyi anlamadığını öyrənin. Araşdırma işi ilə məşğul olanlar daha yaxşı bilirlər; sahə işi ərəfəsində çoxlu aldatmalar mümkündür. Bu özünü sadəcə anketin sorğuçu tərəfindən doldurulması ilə deyil, həm də sualları ordan burdan və əksik verməklə də mümkündür. Zatən, supervayzerlər (sorğuçunu yoxlayan əməkdaşlara deyilir) bu cür aldatmalardan qaçınmaq üçün vardır, yetər ki, onlar da aldatmasın.

Əgər kağız anketlərdən istifadə edirsinizsə, çap işini də planınıza daxil edin. Yaxşı bir çap şirkəti ilə işləsəniz yaxşı olar. Əks halda, yolda qala bilərsiniz. Amma, müasir dövr texnologiyanı işin içinə salır artıq; planşetlərin istifadəsi mümkündür. Bu sistem həm kağıza və təbiətə qayğı göstərməyinizə, həm də sahə işində baş verənlərə operativ cavab verməyinizə gətirib çıxaracaqdır. Qısa vaxt üçün bahalı olsa da, uzun müddətdə əlinizdən tutacaqdır.

Pilot test hazırlanmış sorğu suallarının respondentlərə uyğun və anlaşılır olub-olmadığını ortaya çıxarmaq üçündür. Bu anketlər analizə daxil edilməməklə yanaşı, anketin düzəldilməsi üçün istifadə edilir. Həm də, anketçilərlə bağlı problemləri aşkara çıxarır. Ən az sorğunun özü qədər vacib fəaliyyətdir.

Araşdırmalarda ən çox vaxtı sahə işi alır. Bu iş mütləq ayrı bir mütəxəsisə həvalə edilməlidir. Çünki, olduqca yorucu, diqqət və sərtlik tələb edən, bir o qədər insan münasibətlərinə önəm verən bir işdir. “Pişim-pişim” ilə iş görülməlidir. Anketçini dinləməli, ona kömək etməli, yeri gəldi “basıb gözünü də çıxarmalıdır”. Bir xatirəmi paylaşım, bir dəfəsində əməkdaşlıq etdiyim sahə işi menecerinin danışıq tərzi ilə bağlı mənə sahə işindən şikayət gəldi. Söhbətin mövzusu isə, əməkdaşımızın “başa düşürsən?” sualını verməsi idi. Supervayzerimiz dedi ki, mənim 50-dən çox yaşım var və ziyalıyam. Tez-tez bu sualın verilməsindən narazıyam.

Anketlərin yoxlanılması isə, zəhlə tökən işdir. Maksimum səbrli və anlayışlı olmalısan. Çünki, anketçi müəyyən hallarda yalan danışır, onun yalanını ortaya çıxarmalısan. Bəzən əksik anketlər olur, onları tamamlamalısan. Hətta, səhv nömrə verilir, qarşıdakını sakitcə yola salmalısan. Bir xatirəm də bu məsələ ilə bağlı olmuşdu. Əməkdaşlarımız gəldilər ki, problem var. Respondentin nömrəsi tamam fərqli ərazidəki nişanlı qızın nömrəsidir. İndi də problem çıxıb. Vəziyyət gərgindir. Kömək lazımdır, yoxsa qızın üzüyü qayıdır. :( Nəysə ki, məsələni yoluna qoyduq. Anketçini də cəzalandırdıq: ödənişi kəsildi. Səbəbi isə, anketlərinin hamısında problemin, boşluğun və aldatmanın olması idi. Bəzən bunu da etmək lazımdır, təbii ki, anketlərin hamısını ləğv etməklə.

Araşdırma planında yenidən anket doldurulması məsələsi də nəzərdə tutulmalıdır. Çünki, problemli və yarımçıq anketləri analizə cəlb etmək olmaz.

Anketlərin bir də kodlanması lazımdır. Bunu da yoxlayanlar edir. Səbəb isə, analizin yazılar üzərindən deyil, rəqəmlər üzərindən həyata keçirilməsidir. Kodlama isə, açıq cavabların müəyyən ardıcıllığa görə rəqəmlərlə ifadə edilməsidir (Qapalı suallar onsuz da kodlanır qabaqcadan, anketi hazırlayarkən). Bu da həmin cavabların proqrama daxil edilməsində əl tutacaqdır. Diqqət edilməli məqamlardandır, çünki yanlış və ya əksik kodlama sahədəki nəticələrin əksik analiz edilməsinə, dolayısıyla əksik informasiyaya gətirib çıxaracaqdır.

Nəticələrin SPSSə (Special Program for Social Sciences) proqramına daxil edilməsi (data coding) fəaliyyəti də araşdırmada özək rolunu oynayır. Belə ki, yanlış və əksik daxil edilmiş rəqəmlər nəticələrin də yanlış olmasına gətirib çıxaracaqdır. Belə olduqda, hesabat doğruluğu deyil, başqa bir şeyi əks eləyəcəkdir. Bundan əlavə, həmin iş vaxtı əməkdaşlar anketlərdəki əksik məlumatları da ortaya çıxaracaqdır. Bütün bunları nəzərə aldıqda, layihə rəhbərinin də adı keçən və ya istifadə ediləcək digər proqramları bilməsi qənaətbəxşdir.

Bir şey deyim, SPSS proqramı haqqında da yazı yazacam və sizə proqrama dair ilkin istifadə qaydalarını göstərəcəm…

Sonra nəticələr analiz ediləcək (elə istifadə etdiyiniz proqram bunu edir) və lazımlı rəqəmlər ortaya çıxarılacaqdır. Artıq bundan sonrası hesabatın hazırlanmasına qalıbdır. Layihə meneceri bu rəqəmləri yazıya və ya informasiyaya çevirəcək, cədvəllər və qrafiklər formasında hesabat hazırlayacaqdır. Beləcə, hədəf kütləyə dair məlumatlar bu hesabatda öz əksini tapacaqdır. Bir tövsiyyə verim, hesabatda özünüzdən Amerika kəşf etməyin, sadəcə nəticələri izah edin. Bir də, yaxşı olar ki, internet araşdırması edin və nəticələrin müqayisəsini göstərin. Ammaaaa, nə badə, orada nə edilməsinə dair tövsiyyə verəsiniz. Hesabatda konsultasiya olmur. Əgər nəticələri özünüz analiz edib istifadə edəcəksinizsə, onda nəticələri özünüzə verin, araşdırmacı kimliyindən çıxın və işinizin mütəxəsisi olun.

Planlama vaxtı hazırlamalı olduğumuz vasitərələrdən biri də büdcədir. Əgər şirkətinizin dediyiniz hər şeyi etibarlı formada və ödənişsiz edə biləcək könüllü ordusu yoxdursa, onda büdcə hazırlığınız da olmalıdır. Çünki, bazarda işləri ödəşlə keyfiyyətsiz görənlər var, qaldı ki, ödənişsiz iş görülsün. Ona görə də, maliyyə xərclərinizi qabaqcadan təyin etməlisiniz.

Müəllif : Gədir Davudov

Mənbə: https://gadirdavudov.wordpress.com