Hardasa on gün bundan əvvəl səhər işdə oturub oyanmağa çalışırdım. Bəli, məhz oyanmağa, çünki fikrimcə səhər 9-da bir insanın əmək fəaliyyəti göstərməyi çox çətindir. Qəhvə içdim, alma yedim, beynimdə 3-5 jim etdim və növbəti terapiya yöntəminə keçmək üçün facebook-mu açdım. İnbox-a baxdım ki, bir neçə ismarıc gəlib və onlardan birisi mənə bu yazını yazmaq fikrinə gətridi. Məktubu yazan şəxsin adını çəkməyəcəm, sadəcə ümumi ideyanı deyəcəm – bir gənc bir neçə il ali təhsil aldıqdan sonra ixtisasını 180% dəyişib tam fərqli bir ixtisasa yiyələnmək qərarına gəlib. Bilirsiniz də bizim cəmiyyətdə buna necə baxarlar, özü də bunu etmək istəyən şəxs zərif cinsin nümayəndəsidirsə? Cəllad, kəs başını!
O xanım mənə yazaraq fikrimi eşitmək və şüar edib çətin günlərdə istifadə edə biləcəyi bir söz, cümlə eşitmək istəyirdi. Ümidvaram ki, məndə bu alındı, lakin daha maraqlısı o idi ki, mən ondan elə bir cümlə eşitdim ki, məni çox düşündürdü. O dedi: “Mənə indi “bacaracaqsan!” deyəcək insanlar lazımdır!”
Çox düzgün bir ifadədir, dəqiq, konkret, belə lap yerinə düşdü! Maraqlısı odur ki, ay gözəl insanlar, hamının elə insanlara, elə ətrafa ehtiyyacı var. Bu dəstək bizə ən çox həyatımızda hər hansı ciddi dəyişikliklər etmək qərarına gəldiyimizdə lazım olur. Lakin təəssüf ki, bizim ətrafımız bizi həvəsləndirməkdənsə, bir çox halda bizi həvəsdən salır, yıxır və çox ağır “bacarmazsan” sözünü deyir, ya da hiss etdirir.
QEYD: Mən bu barədə son yazılarımın birində yazmışdım. Bir şüurlu insan gərək təmizliyi bacara bilsin və bu işə fikirləri ilə ətrafından başlamalıdır. Bundan qorxmayın, qətiyyən. Öz təcrübəmdən deyə bilərəm ki, ağrılı prosesdir düzdür, lakin dəyişikliyin nəticəsi Sizi sevindirəcək.
Mənim 26 yaşım var və çox təəssüf edirəm ki, bir şəxsin həqiqi dahiliyini sadəcə indi, bugünlərdə anladım. Bu insan hamımızın fizik-teoretik kimi tanıdığı Albert Enşteyndir. Düzdü, onun “nisbilik nəzəriyyəsi” barədə biliyim sadəcə adı ilə kifayətlənir, lakin bu yaxınlarda onun ad gününə həsr olunmuş bir yazıda onun insanlar, həyat, məqsəd barədə fikirləri ilə tanış oldum və konkret valeh oldum!
Yaqin Sizdə bu yazının adı maraq oyatdı. Bu ad da Albert əmimizin bir ifadəsindən götürülüb. O deyirdi ki, əslində bu dünyada hər birimiz dahiyik, sadəcə əgər Siz balığı onun ağaca dırmanma bacarığına görə qiymətləndirəcəksinizsə onda o bütün həyatını özünü ağılsız hesab edərək yaşayacaq. İndi karyera inkişafı barədə bir kitab yazıram və oradan da əldə etdiyim təcrübə və araşdırmalarına əsasən deyə bilərəm ki, bu dünyada balıqların sayı çox olsa belə onların sayı get-gedə yavaşda da olsa azalır. Bütün dünya tendensiya ondan ibarətdir ki, insanlar həyatlarında ilk olaraq özlərini, öz yerlərini, “öz suyunu” axtarmağa çalışırlar, çünki bu sadəcə onlara pul qazandırmır, bu onları daha dolğun və bütöv şəxsiyyət və daha xoşbəxt insan edir.
Mənə məktub yazan xanım öz seçimini etdi, o balıq olmaq istəmir! İndə hər zaman olduğu kimi, əzizlərim, seçim Sizindir: ya balıq olub qət etdiyiniz santimetrları böyük uğur kimi qələmə vermək, ya da öz ağacdan düşüb öz suyunuzu tapmaq. Uğurlar :)
Müəllif: Toğrul Ələkbərov
Mənbə: http://alakbar.az