ABŞ-da yeni texnoloji inqilab

ABŞ-da yeni texnoloji inqilab
989

ABŞ-ın “SpaceX” şirkətinin istehsal etdiyi “Falcon 9” daşıyıcı raketi Kanaveral burnundakı kosmodromdan fəzaya buraxıldıqdan sonra uğurlu şəkildə vertikal eniş edib.lent.az-ın xəbərinə görə, daşıyıcı raket buraxılışdan 9 dəqiqə sonra bütöv şəkildə yerə enib. Bu, dünya tarixində ilk dəfə gerçəkləşib. Bundan əvvəlki iki cəhd uğursuz nəticələnmişdi. Raketin dönüş anı helikopterlə havadan videoya çəkilib.

“Falcon 9” Bakı vaxtı ilə saat 05.29-da fəzaya buraxılıb. İyun ayında baş vermiş qəzadan sonra bu dəfə daşıyıcı raketin aşağı hissəsini yerə uğurla endirmək mümkün olub. Beləliklə, şirkət onu təkrar istifadə şansı əldə edib. Raket 11 rabitə peykini fəzaya buraxıb. “11 peyk orbitə çıxarıldı və Falcon Kanaveral yenidən burnuna endi. Təkrar xoş gəldin, körpəm”, - deyə “SpaceX” şirkətinin sahibi İlon Mask (Elon Musk) “Twtter”də yazıb. O, jurnalistlərə açıqlamasında bu hadisəni inqilabi adlandırıb: “İndiyə qədər heç kim bir raketi vertikal olaraq bazaya qaytarmağa nail ola bilməmişdi. Gözlərimə inana bilmədim”.

Qeyd edək ki, raketin gövdəsini bütöv saxlamaq üçün bundan əvvəlki cəhdlər yanvar və iyun aylarında baş verib. Yanvarda “Falcon”un buraxılışı uğurla baş tutsa da, okean platformasına eniş sərt olub. İyun ayında isə raket buraxılışdan 2 dəqiqə 19 saniyə sonra partlayıb.

Mənbə: http://ikt.lent.az/