“Zığ” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. Zavod həmçinin gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, dalğıc və sualtı hidrotexniki işləri, gəmilərin doka qaldırılaraq, sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmirini, ASV tipli izolyasiya edən nəfəs aparatlarına texniki xidmət göstərilməsini və həmin aparatların təmirini həyata keçirir. Zavodun strukturuna Mexaniki-təmir, Gövdə-qaynaq, Tərsanə, Təmizləmə-rəngləmə bölmələri, Enerji-mexaniki xidmət, Ağac emalı, Tökmə və Elektrik-quraşdırma sahələri daxildir.