Qərb Universiteti Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən rəsmi qeydiyyatdan keçmiş özəl universitetdir. 1991-ci ildə təsis olunmuş universitet Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Təhsil sektorunun özü haqqında qüclü müsbət rəy qazanmış Qərb Universiteti tələbələrə qeniş çeşiddə ixtisaslar üzrə təhsil verir. Universitetin qəbul şərtləri özəl ali təhsil müəssisləri arasında ən yüksək olanlardan biridir.
Qərb Universiteti Azərbaycanın iqtisadi, ictimai və siyasi inkişafı prosesinə iqtisadi keçid və ondan sonrakı dövrdə respublikanın ehtiyaclarını ödəyə bilən mütəxəssislər hazırlamaqla yardım edəcək bir ali təhsil müəssisəsi yaratmaq məqsədilə təsis edilmişdir.Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin o, 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvüdür.
Beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirilməsində universitet yüksək elmi-pedaqoji potensiala əsaslanır. Belə ki, universitetdə 3 akademik, 16 professor, 1 elmlər doktoru - dosent, 1 elmlər namizədi - dosent, 17 dosent, 44 elmlər namizədi - baş müəllim və 65 müəllim işləyir. O cümlədən respublikanın bir sıra görkəmli şəxsləri, alimləri məsləhətçi və diplom rəhbəri kimi universitetlə yaxından əməkdaşlıq edirlər. Qərb Universitetində müxtəlif proqramlar üzrə 25-dən çox xarici müəllim çalışır. Tədrisin yüksək səviyyədə aparılmasında Universitetin zəngin maddi-texniki bazası əsas rol oynayır.
Müasir səviyyədə təchiz edilmiş auditoriyalar, kompüter otaqları, audio-video texnika, on minlərlə Azərbaycan, rus, ingilis, alman, fransız və ispan dillərində zəngin ədəbiyyata malik kitabxana fondu tələbələrin ixtiyarına verilmişdir. Qərb Universitetində ən müasir kompüterlərlə təchiz olunmuş və INTERNET sisteminə qoşulmuş mərkəz fəaliyyət göstərir. Universitetə qəbul olunan hər bir tələbə burada öz elektron ünvanını açmaq imkanı əldə edir.
Universitetdə xüsusi poliqrafiya-nəşriyyat şö`bəsində çap olunan "Təkamül" jurnalı görkəmli elm xadimlərinə və gənc alimlərə öz elmi yaradıcılıqlarını əks etdirməyə imkan verir. Qərb Universitetinin müəllim və tələbələri ABŞ, Böyük Britaniya, Hollandiya, Türkiyə və Almaniya universitetlərinə getmək, ixtisaslarını artırmaq, təhsillərini bu ölkələrin universitetlərində davam etdirmək imkanlarına malikdirlər. Universitetin bütün tələbələri bir və ya iki xarici dilə mükəmməl yiyələnirlər. İngilis dilinə mükəmməl dərəcədə yiyələnmiş tələbələr beynəlxalq konfrans və sərgilərdə tərcüməçi-bələdçi kimi iştirak edirlər. Universiteti bitirən yüzlərlə mə`zunlarımız respublikamızın dövlət və qeyri-dövlət orqanlarında, müxtəlif kütləvi informasiya vasitələrində, xarici ölkələrin Azərbaycanda olan nümayəndəliklərində, beynəlxalq şirkətlərdə və xarici ölkələrdə çalışırlar.