ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) - ABŞ hökumətinin xarici yardım üzrə agetliyidir. Agentlik uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. USAID tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi daşıyır.
Azərbaycanda USAID ölkənin və xalqın həyatına müsbət və davamlı dəyişiklikləri gətirməyə kömək etməyə çalışır. Bu gün USAID-in Azərbaycandakı missiyası iqtisadi inkişaf, demokratiya və idarəetmə, habelə səhiyyə sahələrində 15-dən çox proqrama dəstək göstərir. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan USAID ölkəmizə 300 milyon ABŞ dollarından artıq dəyərdə maliyyə yardımı və texniki dəstək göstərib.USAID proqramları Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları, biznes dairələri və yerli icmalarla əməkdaşlıq edərək qanunları təkmilləşdirməyə, insan və siyasi hüquqları təşviq etməyə, vətəndaşların müxtəlif proseslərdə iştirakını artırmağa, yeni iş yerlərini açmağa, gəlirləri artırmağa, habelə Azərbaycan xalqının sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək etməyə çalışır.
USAID-nin Azərbaycanda həyata keçirdiyi layihələrdən biri də Azərbaycan Rəqabətlilik və Ticarət Layihəsi( ART) çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qida müəssisələri üçün qida təhlükəsizliyi üzrə ümumi məsləhət yardım xidmətlərinin (MY) dəstəklənməsidir. USAID -nin Məsləhət Yardım proqramı üzrə ən yaxşı yerli məsləhət şirkəti seçilən Keyfiyyət Assosasiyası bu proqram çərçivəsində hazırda yerli qida müəssisələrində beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun idarəetmə sistemlərinin qurulması üzrə məsləhət xidmətlərini həyata keçirir.
Əsasən südçülük, balıqçılıq, quşçuluq, həmçinin fındıq, alma və nar emalı sahəsində fəaliyyət göstərən müəssisələri əhatə edən bu layihə çərçivəsində qeyd olunan müəssisələrə göstəriləcək məsləhət xidmətləri üzrə xərclərin 70%-i USAID tərəfindən ödəniləcək. USAID/ART Qida Təhlükəsizliyi üzrə Məsləhət Yardım proqramı müəssisələrdə qida təhlükəsizliyini idarəetmə sisteminin effektivliyinin artırılmasını nəzərdə tutur.