Uroloji Mərkəz hər zaman sizlərə yüksək xidmət göstərməkdədir. Müxtəlif növ müasir endoskopik, plastik, rekonstruktiv uroloji əməliyyatlarının aparılması, xəstələrin daim nəzarətdə saxlanması və onların yenidən həyata sağlam , problemsiz qayıtması üçün hər bir köməklik göstərməyə hazırdır.Klinikamızda Uroloji və nefroloji xəstəliklərin müalicəsi aparılır.
Abdullayev Kamal İsmayıl oğlu, 1940-cı il oktyabr ayının 2-də Cəlilabad rayonunda qulluqçu ailəsində anadan olub. Nizami adına orta məktəbi bitirdikdən sonra 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuşdu və 1964-cü ildə Tibb İnstitunu bitirmişdir. Əmək fəaliyyətinə Cəlilabad rayonu Sabirabad kənd xəstəxanasında baş həkim vəzifəsindən başlamış, 1965-1972-ci ilə kimi cərrah vəzifəsində işləmişdir. 1972-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutunun << Urologiya və operativ nefrologiya >> kafedrasına aspiranturaya daxil olmuşdur. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstutu keçmiş sovetlər ittifaqında həkimlərin təkmilləşdirilməsi sahəsində öz xüsusi çəkisi olan bir elm ocağı idi. Urologiya kafedrası həmin instutun ən aparıcı kafedrasından idi.
1973-cü ildə Respublikada ilk dəfə olaraq Respublika Klinik Uroloji Xəstəxananın nəznində uşaq uronefroloji şöbəsi yaradılmış və bu şöbəyə rəhbərlik K.Abdullayevə həvalə edilmişdir. 1975-ci ildə << Səhiyyə əlaçısı >> döş nişanı ilə təltif olunmuşdur. O, uşaq uronefrologiyasının respublikada ilk yaradıcısı və təşkilatçısıdır. Respublikada ilk dəfə olaraq K. Abdullayevin rəhbərliyi ilə << Uşaq uroloji xəstəxanası >> təşkil edilmiş və bu günə kimi bu işin inkişaf etdirilməsi üçün çox iş görülmüşdür. Kamal müəllim, << İki tərəfli meqaureterin cərrahiyyəsi >> və << Hipospadiyanın cərrahiyyəsi >> adlı iki elmi-tədris filminə rəhbərlik etmişdir. << İki tərəfli meqaureterin cərrahiyyəsi >> filmi Moskvada XTNS-nin qızıl medalına layiq görülmüşdür.
1989-cu ilin dekabr ayında K.Abullayev Bakı Baş Səhiyyə İdarəsinin müdürü vəzifəsinə seçilmişdir.Professor Kamal Abdullayev 1990-cı ildə Azəraycanda ilk dəfə olaraq Respublika Uşaq Uroloji xəstəxanasının əsasını qoymuşdur. Sonralar klinika böyük inkişaf yolu keçərək, uroloji mərkəzə çevrilmişdir və təkcə uşaqlara yox, yaş həddindən asılı olmayaraq daha çox pasientə xidmət göstərməyə başlamışdır. İlk dəfə olaraq suveren respublikamızda, Kamal Abdullayevin başçılıq etdiyi bu klinikada 23 böyrək köçürmə əməliyyatı aparmışdır.Professor Kamal Abdullayev dəyərli ziyalı, vətənpərvər, ictimai xadim, ən başlıcası isə daxili dünyası mərhəmət duyğuları ilə zəngin olan nəcib bir insandır. Yeni Azərbaycan Partiyasının üzvü, Cəlilabad Xeyriyyə Cəmiyyətinin sədri olaraq müxtəlif ictimai tədbirlərdə fəal iştirak etməyi özünə mənəvi borc bilir. Kamal müəllim ictimaiyyətçidir. O, 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə bu klinikada ilk partiya təkilatını yaratmışdır.
Uzun müddət respublikanın baş uşaq uroloqu, 2004-2005-ci illərdə isə Səhiyyə Nazirliyinin baş uroloqu olmuşdur.Professor Kamal Abdullayev, Respublika Transpantoloqlar Assosiyasının sədri, Respublika Uroloqlar Cəmiyyətinin sədr müavinidir, Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2000-ci ildə Kamal Abdullayevə Azərbaycan Respublikası prezidenti tərəfindən “Əməkdar Həkim” adı verilmişdir. Görkəmli alim indiyə kimi məşğul olduğu elm sahəsinin ayrı-ayrı problemlərinə dair 4 monoqrafiyanın və 200 dən çox elmi məqalənin, 14 səmərələşdirici təklifin müəllifi olmuşdur. Bacarıqlı təşkilatçı kimi tanınan K.Abdullayev nəinki vətəndə, eyni zamanda respublikamızdan çox-çox uzaqlarda da tanınır.
Kamal Abdullayev, həkimlik təcrübəsində keçdiyi mürəkkəb, zəngin həyat yolu və tibb sahəsindəki görkəmli xidmətləri ilə seçilən bir şəxsiyyətdir.