Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. Universitet indiyə qədər 25 mindən çox yüksəkixtisaslı memar və inşaatçı-mühəndis hazırlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Mühəndis kadrlarının hazırlanması ilə 700 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi, dosent və baş müəllimdir. Onlarla yanaşı respublika tikinti kompleksinin aparıcı mütəxəssisləri də tədris prosesinə cəlb edilmişdir.Universitetdə 42 kafedra fəaliyyət göstərir. Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və ixtisas kafedralarına bölünür.
Universitetin maddi-texniki bazası ildən ilə möhkəmlənir. Hazırda ali məktəbin ümumi sahəsi 49000 kv.m olan 5 tədris korpusu vardır. Auditoriya fondunun genişlənməsilə bağlı bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları yaradılmışdır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır.
Tələbələr burada dərslərə hazırlaşmaqla bərabər öz asudə vaxtlarını da xoş keçirə bilirlər. Bunun üçün onlar burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır. Öz səhifələrində Universitet həyatını işıqlandıran "İnşaatçı kadrlar" adlı çoxtirajlı qəzet buraxılır.
Universitetin xarici əlaqələri aşağıdakı strukturlar vasitəsilə həyata keçirilir.
Xarici tələbələrlə iş üzrə dekanlıq 1977-ci ildən fəaliyyət göstərir və xarici ölkələr üçün mütəxəssislər hazırlayır. Ötən müddət ərzində dünyanın 40-dan artıq ölkəsindən 1000-ə yaxın tələbə universiteti bitirmiş, 50-yə yaxın xarici ölkə vətəndaşı alimlik dərəcəsi almışdır. Hazırda AzMİU-da dünyanın 15 ölkəsindən 400-yə yaxın tələbə və aspirant təhsil alır.AzMİU-da təhsil alan xarici vətəndaşlar universitetin yataqxanasında yerləşdirilir, müqavilə bağlanır, qeydiyyat və viza məsələləri həll edilir. Xarici tələbələrlə iş üzrə dekanlıq xarici ölkə universitetlərinin inşaat bölümləri və digər təşkilatlarla əlaqə saxlayır. Xarici vətəndaşların hazırlığı ilə 65 nəfər müəllim məşğul olur. Onlardan 2 nəfəri elmlər doktoru, professor, 15 nəfəri elmlər namizədi, dosentdir. Təhsil 2 yolla aparılır: müqavilə və dövlət xəttilə.