Ölkədə 2007-ci ilə qədər davam edən QHT-hökumət dialoqu, nəhayət, öz bəhrəsini verdi. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addım atıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” qəbul edildi, daha sonra isə bu dövlət sənədi müddəalarının reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Dövlət QHT-lərlə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaq və ictimai fəaliyyəti canlandırmaq üçün Şuraya xüsusi mandat verdi. Bu, QHT sektorunun inkişafında yeni dövrün uğurlu başlanğıcı idi.