Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.