«Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası (bundan sonra - Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir.
Fərmanla Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri Şuranın sədri olmaqla maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfat, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarət üzvlər müəyyən edilmişdir.
Əsasnaməyə görə bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, hazırlanan normativ hüquqi sənədlər, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli və istiqamətləndirilməsi üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı və vasitəsi ilə həyata keçirilir. Şura həm də qiymətlərin tənzimlənməsi üzrə beynəlxalq və regional əməkdaşlığın həyata keçirilməsində iştirak edir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanının 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etmək, müvafiq dövlət orqanları ilə birlikdə «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»nı təsdiq etmək tapşırılmışdır.
Bu tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli qərarı ilə «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları», Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 9 mart 68 nömrəli qərarı ilə «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi haqqında» sənəd təsdiq edilmiş, Şuranın Katibliyinin strukturu müəyyən olunmuş, Katibliyin rəhbəri təyin edilmişdir.
Hazırda Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tariflər (qiymətlər) təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə tarifləri (qiymətləri) dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara (mallara, işlərə, xidmətlərə) müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.
Ümumilikdə isə Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirmək, özünün işçi qruplarını və komissiyalarını yaratmaq, monitorinqlər aparmaq, öz işinə ekspertlər dəvət etmək səlahiyyətlərinə malikdir.