Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə və "Məhkəmələr və hakimlər haqqında" qanunun 77-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir
Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir. Ali Məhkəmədə mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya təşkil edilir. Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir. Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.
Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə baxılır: apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə. Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.