Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında məqsəd:
Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.
Paytaxt Bakıdan 32,5 km məsafədə yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkının Baş Planına əsasən Parkın Sənaye Zonası 192 hektar təşkil edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşəcək.Müasir üslubda dizayn edilmiş və 21 hektar təşkil edəcək Sosial zonada Parkın rezidentləri üçün böyük imkanlar yaradılacaq. Burada 16 mərtəbəli inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcək.