Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Komissiya Azərbaycan Respublikasının Prezidenti nəzdində fəaliyyət göstərir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsas vəzifələri
- təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinəmərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;
- dövlətlərarası razılaşmalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ali təhsil müəssisələrinə, əcnəbilərin
- və xaricdə yaşayan vətəndaşlığı olmayan şəxslərin isə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulunun aparılması;
- Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;
- ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının, internet saytının yaradılmasının, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə edilmiş digər vəzifələrin yerinə yetirilməsi.
TQDK orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi işinin təkmilləşdirilməsi məqsədilə yeni bir sistem - “Şagird - Məzun” elektron məlumat bazasını yaratmışdır. Bazaya orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında səhih məlumatlar daxil edilir və bu sistem vasitəsi ilə yekun qiymətləndirmə zamanı şagirdlər haqqında məlumatlar dəqiqləşdirilir. Sistemdən rayon (şəhər) təhsil şöbələrinin nümayəndələr, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə bilirlər.Sistemə daxil olmaqla rayon (şəhər) təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərinin şagirdləri haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında , şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola bilirlər.