Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xəritədə

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Bakı, Binəqədi rayonu, Binəqədi şossesi, 202 AZ1114 *** 4 səs

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət miqrasiya siyasəti

Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmişdir.

Bu Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Proqramda miqrasiya proseslərinin xüsusiyyətləri, dövlət siyasətinin prioritet istiqamətləri öz əksini tapmışdır. Bununla yanaşı proqramın əhatə etdiyi dövr ərzində ayrı-ayrı dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirməli olduqları tədbirlər qeyd edilmişdir.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti

Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradıldı və Əsasnaməsi təsdiq edildi.Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

Belə ki, öz fəaliyyətləri çərçivəsində həyata keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, immiqrant statusunun verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir.
Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir. Yuxarıda sadalananları həyata keçirmək üçün Dövlət Miqrasiya Xidməti Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir.