İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-
kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.
Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.
Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları(İKT) sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir. Fond layihələrin maliyyələşdirilməsinin aşağıdakı mexanizmlərini tətbiq edir.
İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunu;
Müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini;
Innovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsini.