Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xüsusi Dövlət Mühafizə Xidməti öz faliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Xidmət haqqında Əsasnaməni rəhbər tutur.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 fevral 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsinin bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin yaradılması haqqında 585 saylı Fərman imzalanır.Azərbaycan Respublikasının Prezidenti tərəfindən 23 avqust 1993-cü il tarixində (AR Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin Sədri tərəfindən) Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının Prezidentinə tabe edilməsi haqqında 734 saylı Fərman imzalanır.
Azərbaycan Respublikasının Prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanır.Azərbaycan Respublikası Prezidentinin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir.Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır. Prezidentin 31 may 2003-cü il tarixli 873 saylı digər Fərmanı ilə həmin İdarənin Əsasnaməsi təsdiq edilmışdır.