Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi müstəqil Azərbaycanda fəaliyyətə başlamış ilk yeni tipli orta təhsil müəssisələrindən biridir. 1996-cı ildən M.F.Axundov ad. APRDƏİ-nin "Turan" liseyi adı ilə fəaliyyət göstərmiş, 2000-ci ildən isə Bakı Slavyan Universitetinin Humanitar liseyi adlandırılmış və BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi prof. K.M.Abdullayevin təşəbbüsü ilə 19 avqust 2010-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti razılığı əsasında Təhsil Nazirliyinin 1175 №- li əmrinə görə Bakı şəhər 15 nömrəli məktəb ona birləşdirilməklə Məktəb-Lisey Kompleksi adlandırılmışdır. Kompleks istedadlı və qabiliyyətli uşaqlara Universitetin professor-müəllim heyətinin təhsil xidmətlərini təklif edən orta təhsil müəssisəsidir.
Məktəb-Lisey Kompleksində ikinci xarici dilin (rus, fransız, alman və daha bir slavyan dili) tədrisi, Azərbaycan tarixi və dünya ədəbiyyatı inciləri ilə tanışlıq (ingiliscə), şagirdlərin seçiminə və Universitetin ixtisaslarına uyğun təmayül siniflər və yarımqrupların yaradılması, slavyan və türk xalqlarının tarixi və mədəniyyətinin müstəqil fənn kimi tədrisi əsas prioritet istiqamətlərdəndir. Kompleksdə tam orta təhsilin bütün pillələri üzrə günüuzadılmış qruplar, dərsanə və tədris kursları fəaliyyət göstərir, əlavə təhsil xidmətlərinə yer verilir.Məktəb-Lisey Kompleksində Azərbaycan dili və ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya, xarici dillər, kimya-biologiya, informatika kabinetləri, Debat və innovasiya mərkəzi, bütün fənlər üzrə metodbirləşmələr fəaliyyət göstərir.
Kompleksin aparıcı müəllimləri: p.e.n. A.G.Məmmədov, dos. İ.M.Carçiyeva, İ.Məmmədov, F.M. Fəttayev, T.V.Cəfərova, E.K.Qasımova və s. fənn metodbirləşmələrinə rəhbərlik edirlər. Liseyin əməkdaşları T.H.Cəfərov, A.G.Məmmədov, İ.M. Carçıyeva, F.M. Fəttayev, R.S.Məlikov, O. Həsənov, G.Bayramova, R.M.Şahbazov, X.A.Mürsəliyeva, A.H.Hacıyeva və başqaları ayrı-ayrı illərdə orta məktəblər üçün dərslik və dərs vəsaitlərinin müəllifləri olmuşlar. MLK-nın bir neçə müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə ABŞ-ın və Almaniyanın müxtəlif universitetlərində və digər təhsil müəssisələrində birillik təcrübə keçərək insan və cəmiyyət fənni üzrə dərsliyin yazılmasında iştirak etmişdir.
MLK-nın əməkdaşları beynəlxalq konfrans və seminar-treninqlərin iştirakçısı olmuşlar. Məktəb-Lisey Kompleksinin altı nəfər müəllimi: İlahə Çarcıyeva, Vəfa Allahverdiyeva, Tünzalə Cəfərova, Gülnar Rüstəmova, Fəttah Fəttayev, Leyla Əliyeva, Səbinə Şahmalıyeva ölkə Prezidentinin sərəncamı ilə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşlar.Liseyin bir neçə şagirdi buraxılış sinfini ABŞ-da oxumuş, onlardan bəziləri təhsilini ABŞ-ın nüfuzlu universitetlərində davam etdirirlər. Məzunlarımızdan bir çoxu ABŞ, İngiltərə, Rusiya, Kanada, İtaliya, Türkiyə, Ukrayna, Belorusiya, Çexiya və digər ölkələrin nüfuzlu ali məktəblərinə qəbul olmuşlar.