Satınalmalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 583 nömrəli Fərmanına əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılmış və onun vəzifələri «Dövlət satınalmaları haqqında» Qanunun 4-cü maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 saylı Fərmanı ilə təsdiq olunmuş Əsasnamə ilə müəyyənləşdirilmişdir.
Əsasnamədə Satınalmalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarətin təmin edilməsi, satınalan təşkilatların mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrini artırmaq məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları sahəsində məlumat bazasının yaradılması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələrin yerinə yetirilməsi məsələləri həvalə edilmişdir.
Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən ilk nomativ sənəd, «Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında» Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1996-cı il tarixli, 524 nömrəli Fərmanı ilə təsdiq edilmiş, bir qədər sonra «Tender haqqında» Azərbaycan Respublikasının Qanunu 11 fevral 1997-ci ildə qəbul olunmuş və «Tender haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 7 aprel 1997-ci ildə imzalanmışdır.
Göstərilən sənədlərin tətbiq olunduğu müddət ərzində Satınalmalar üzrə Dövlət Agentliyi, bu sahədə əldə olunmuş təcrübəni öyrənərək, Avropa birliyinin bir sıra ölkələrinin dövlət satınalmalarına dair mövcud sənədlərini, Dünya Bankının tövsiyələrini, Ümumdünya Ticarət Təşkilatının dövlət satınalmaları üzrə sazişlərinin müddəalarının tələblərini nəzərə almaqla yeni, «Dövlət satınalmaları haqqında» Qanun layihəsini işləyib hazırlamış, həmin Qanun layihəsi Milli Məclis tərəfindən 27 dekabr 2001-ci il tarixdə qəbul olunaraq, «Dövlət satınalmaları haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmişdir.
Fərmana əsasən 250 (iki yüz əlli) milyon manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları açıq tender vasitəsi ilə həyata keçirilir, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 250 (iki yüz əlli) milyon manatdan aşağı olduqda satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir.