Respublika Narkoloji Dispanseri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.08.1986-cı il tarixli 269 saylı əmri əsasında yaradılmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş əsasnaməyə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi yaradılmışdır. Mərkəz əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya ( xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisəsidir.Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.
Respublika Narkoloji Mərkəzində ixtisaslaşmış ambulator və stasionar tibbi xidmət göstərilir. Adı çəkilən xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir. Belə ki, 18 yaşından yuxarı olan hər bir narkoloji xəstə müalicə olub-olunmamaq qərarını özü verməlidir.Respublika Narkoloji Mərkəzində xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədi ilə psixoterapiya kabineti yaradılıb. Burada müalicənin effektivliyinin artırılması məqsədilə müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılır.
Respublika Narkoloji Mərkəzində həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Proqram Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.08.2001-ci il tarixli 83 №-li əmri əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 021 saylı 26.01.2006-ci il tarixli qərarı ilə respublikamızda "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilmişdir. Qeyd etmək lazımdır ki, əvəzedici müalicə proqramlarının tətbiq olunmasının əsas prinsipləri inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİSÇ-in yayılmasının qarşısını almağa və onların profilaktikasının təmin olunmasına yönəlmişdir.
Cinayət işi aparıldıqda, məsuliyyətə cəlb olunan şəxsin sistematik olaraq spirtli içki və narkotik maddələr qəbul etməsi halda məlumat alınırsa və bu şəxs xroniki alkoqolizm və ya narkomaniyadan əzab çəkməsi haqda şübhələnməyə əsas varsa, məhkəmə narkoloji ekspertiza təyin olunur. Məhkəmə-narkoloji ekspertizanın aparılmasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində yaradılan xüsusi tibbi komissiyaya tapşırılıb.Respublika Narkoloji Mərkəzi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirir.