ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli 126 №-li "ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi" haqqında Fərmanının icrası ilə əlaqədar, ARDNŞ Prezidentinin 21 iyul 2009-cu il tarixli 95 №-li Əmrinə əsasən, Şirkətin iki institutunun ("Elmi Tədqiqatlar" və "Neftqazlayihə") birləşməsi nəticəsində yaradılmışdır.
"Neftqazelmitədqiqatlayihə" İnstitutu aşkar olunmuş strukturların və neft-qaz yataqlarının geoloji-geofiziki tədqiqatı, axtarış-kəşfiyyatı, strukturların işlənməyə hazırlanması, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, mənimsənilməsi və istismarı, neft-kimya və neft-qaz emalı ilə əlaqədar hər növ layihələndirmə işlərinin həyata keçirilməsi, neft sənayesinin iqtisadiyyatı və idarə olunması, neft və qaz çıxarmanın yaxın inkişaf konsepsiyasının tərtib edilməsi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, karbohidrogen məhsullarının hazırlanması, saxlanması və nəqli sahəsində qarşıya çıxan problemlərin elmi həllini, həmçinin aidiyyəti normativ sənədlərin tərtib edilməsini və dövlət orqanlarında qeydiyyatdan keçirilməsini həyata keçirir.
İnstitutda neft-qaz yataqlarının mənimsənilməsi, işlənməsi və abadlaşdırılması, quyuların qazılması və istismarı, neft-kimya və neft-qaz emalı obyektlərinin layihələndirilməsi sahəsində irihəcmli işlər görülür. İnstitutun tərkibində elmi-tədqiqat, layihə və konstruktor işləri ilə məşğul olan 80-dən çox laboratoriya və şöbə fəaliyyət göstərir.Böyük elmi potensiala malik olan institutda hal-hazırda 22 doktor və 118 elmlər namizədi işləyir, dünya səviyyəsində aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti ixtira patentləri ilə təsdiq olunub.
İnstitutun fəaliyyət göstərdiyi müddətdə 1200-dən çox ixtira edilmişdir. Yüksək elmi-texniki potensial və illər boyu toplanmış alim və mütəxəssislərin zəngin təcrübəsi müxtəlif dağ-geoloji şəraitlərdə neft yataqlarının kompleksli mənimsənilməsində mürəkkəb elmi və layihə-texniki məsələlərin müasir səviyyəsində həllinə zəmanət verir."Neftqazelmitədqiqatlayihə" İnstitutu ARDNŞ-nin idarə və müəssisələrinin, eləcə də kənar təşkilatların sifarişlərini yerinə yetirir.