1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkənin müstəqillik əldə etməsinin davamı olaraq yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətinin əsas vəzifələrdən biri kimi qarşıya çıxdığı bir zamanda-12 oktyabr 1992-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə”sinin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulmuş və bu qurumun fəaliyyəti ilə bağlı lazımi tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 sentyabr tarixli 110 nömrəli qərarı ilə “Dövlət büdcəsinin “Kiçik sahibkarlığa investisiya yardımı” maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə” təsdiq edildikdən sonra Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi qaydalarında edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına həyata keçirilmişdir.
Lakin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılmasının ilk mexanizmi, dövlət büdcəsindən ayrılmış vəsaitlərin tam istifadə olunmasını, güzəştli kreditlərin sahibkarlıq subyektlərinə onlara lazım olan müddətdə verilməsini, eləcə də kreditlərin səmərəli istifadəsi və geri qaytarılmasında tələb olunan kəmiyyət və keyfiyyət göstəricilərinə nail olunmasını yetərincə təmin edə bilmədiyindən, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi üçün ayrılımış 13.2 milyon manat vəsaitin 2001-ci ilədək olan dövrdə yalnız 1.1 milyon manatı, başqa sözlə cəmi 8 faizi istifadə olunmuşdu. Yaranmış vəziyyət Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsində və onun vəsaitinin istifadəsi qaydalarında əsaslı dəyişikliklər etmək zərurətini yaratmışdı.
Dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli, 779 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və ”Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olmuşdur. Bu Qaydaların tətbiqi güzəştli kreditlərin verilməsində olduqca əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il dekabr 504 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin və ”Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsait istifadəsi Qaydaları” ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət mexanizmi dəyişdirilərək regionlarda Fondun nümayəndəliklərinin yaranması və sahibkarlıq subyektlərinin bir başa Fonda və regionalarda yaranmış nümayəndəliklərinə müraciət etməsi, Fondun idarəetmə orqanı olan Müşahidə Şuraasının yaranması və aşağıda göstərilən təsnifat üzrə güzəştli kreditlərin verilməsi kimi dəyişiklər baş verdi.
Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 7 oktyabr tarixli Fərmanı (bu Fərman 9 oktyabr 2009-cu il tarixində qüvvəyə minmişdir) ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”si və ”Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nda Fondun fəaliyyət mexanizminin, hüquq və vəzifələrinin, fəaliyyətinə dair qanunvericilik bazasının və idarəetmə stukturunun daha da təkmilləşdirilməsi o cümlədən, fəaliyyəti üzrə nəzarətin daha dəqiq və effektiv həyata keçirilməsi kimi mühüm əhəmiyyət kəsb edən tədbirlər nəzərdə tutulmuşdur.