Qala bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə.Qala bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası isti və quru təsir bağışlayır, qəsəbənin ərazisi gilli-qara-sərt torpaqla örtülüb. Ərazinin yaşıllığı və bitki örtüyü çox zəifdir. Bir sıra Abşeron kəndləri kimi Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək niyyətinə düşür. Lakin bu zaman şorun üstünü qan ləkəsi örtür. Bunu görən xan niyyətindən əl çəkir. Ona görə də əhali əvvəlki kimi heç bir ödəniş vermədən həmin duzdan istifadə edir.
Vaxtilə Qala istər ərazisinə, istərsə də əhalisinin sayına görə Abşeronun ən böyük yaşayış məntəqələrindən biri olmuşdur. Hal-hazırda Əzizbəyov rayonunun inzibati ərazi vahidlərindən biri olan Qala qəsəbəsinin ərazisi təqribən 5000 kv.km. Əhalisi 2780 nəfərdir. Qaçqın və köçkünlərlə birlikdə isə 6000 nəfər təşkil edir. Tarixi Qala yeddi hissədən ibarət olmuşdur. Qala kəndi özü, Şəburi-Şəhri Şapuru, (Kələdağ), Şüvəlan, Qara tut ağacı (Binəgörükən), Türkanyanı torpaqlar və Pirxəxir. Kəndin məşhur bağ yerləri də olub: Xəşxonə, (Xaki-Xanə), Qərəçə, Dərəçal, Əlcəki və Parağat. Əhali ənənəvi olaraq qoyunçuluqla (Abşeronda Qala qoyunları adla olub), qismən əkinçilik və kustar sənətkarlıqla məşğul olmuşdur. 2008-ci ildən etibarən bütün respublikada ilk və yeganə açıq səma altında etnoqrafiya muzeyi də məhz Qalada fəaliyyət göstərir. Qəsəbədə xeyli sayda tarixi –memarlıq abidələri qeydə alınmışdır. Bunlardan: В«Məhəmməd imarətiВ»-ni (1624-1625-ci illər), Nadir qalasını (XVIII əsr), Süleyman, Əliqulu Əlyar, Hacıbaba, Çəmbərəkənd, Tərəkəmələr məscidini ( XVIII-XIX əsrlər), ovdanları (XIII-XIX əsrlər) və.s. qeyd etmək olar. Son illər dövlət qayğısı nəticəsində Qalada bir sıra sosial-mədəni obyektlər açılsmışdır.
Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir.Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir.