Bülbülə bələdiyyəsi Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda bələdiyyə.Bülbülə bələdiyyəsi 1999-cu ildə yaradılmışdır.Bülbülə qəsəbəsi Sabunçu rayonunun Bakıxanov və Ramana, Suraxanı rayonunun Əmircan və Yeni Suraxanı qəsəbələri ilə həmsərhəddir. 2007-ci ilin statistik məlumatlarına əsasən qəsəbədə 17000 yaxın, qeyri-rəsmi məlumatlara görə 21000 nəfər əhali yaşayır. Qəsəbənin 37 küçəsi var, onların uzunluğu 33,8 km.-dir. Qəsəbənin ərazisindən strateji əhəmiyyəti olan Bakı-H. Əliyev adına Beynəlxalq Hava Limanı yolu, S. Bəhlulzadə küçəsi, köhnə Bakı – Aeroport yolu və dəmir yolu keçir.
Bülbülə Abşeronun qədim yaşayış məntəqələrindəndir.Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var.Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir.
Deyilənlərə görə Bülbülə kəndinin günçıxan tərəfindən olan kəndlərdən zəvvarlar Məkkə, Kərbala və Məşhəd şəhərlərinə ziyarətə gedərkən bu təpədə ayaq saxlayar, Bülbülədə olan "İmamzadə"yə salam verərdilər. Çovuş ziyarətnamə oxuyub qurtardıqdan sonra isə xudahafizləşərdilər. Ziyarətdən qayıdan zaman da onlar bu təpədə ayaq saxlayar, Bülbülə "İmamzadə"si ilə salamlaşardılar. Ziyarətə gedən zəvvarları yola salanlar onları bu təpədən yola salıb evlərinə dönərdilər. Beləliklə, xalq arasında bu təpənin adı Salam təpəsi adlanırdı. Bülbülədə 4 hamam var idi: 1. Əlican və Vəlican hamamı 2. Hacı İsgəndər hamamı 3. Razaq hamamı 4. Almas hamamı. Əlican və Vəlican hamamı 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş, hamamın dörd günbəzindən hal-hazırda ikisi qalmışdır.