Binəqədi bələdiyyəsi 12 dekabr 1999-cu il tarixdə keçirilmiş seçkilərdən sonra fəaliyyətə başlamışdır. Bələdiyyənin ərazisi 295,173 ha olmaqla 6-cı mikrorayonun bir hissəsini, 7-ci, 8-ci, 9-cu, 9 "a" mikrorayonları, Naxçıvani və Dərnəgül yaşayış massivlərini, Goradil, Fatmayi və Novxanı bağ massivlərini əhatə edir.Bələdiyyə ərazisində iri sənaye müəssisəsi olan "Sənayecihaz" Elmi-Istehsalat Birliyi fəaliyyət göstərir.
Bələdiyyənin 6 daimi komissiyası, 6 şöbəsi vardır.Bələdiyyədə 39 qulluqçu çalışır.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlardır.Bələdiyyələrin say tərkibi "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçki bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir.
Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyətlər verilir.Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsındə, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.